Mis, alüminium və nikel bahalaşıb: Səbəblər açıqlandı | Banco.az

Mis, alüminium və nikel bahalaşıb: Səbəblər açıqlandı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Süni intellekt sektorunda tələbin artması, ABŞ Mərkəzi Bankının (FED) yaxın vaxtlarda faiz dərəcələrini artırmayacağına dair gözləntilər, dolların zəifləməsi və təkliflə bağlı narahatlıqlar iyul ayında əsas metalların qiymətlərini yüksəldib.

Banco.az xəbər verir ki, bu dövrdə birjadankənar bazarda misin qiyməti 4,7%, nikelin 5,2%, alüminiumun və sinkin hər biri 2,5%, qurğuşunun isə 0,2% artıb.

Mis bazarında qiymət artımına mədən layihələrinin artan tələbi qarşılamaqda çətinlik çəkəcəyi ilə bağlı narahatlıqlar, Çinin yüksək tələbi, Çilidə hasilat riskləri və ABŞ-nin mis idxalına gömrük rüsumu tətbiq edə biləcəyi gözləntiləri təsir edib. Cənubi Koreya ilə Çili arasında litium və mis üzrə əməkdaşlıq sazişləri də bazara müsbət təsir göstərib.

Alüminium qiymətləri isə Yaxın Şərqdəki gərginlik, London və Şanxay birjalarında ehtiyatların azalması, həmçinin İndoneziyadan tədarükdə yaranan problemlər fonunda yüksəlib.

Nikel və sink bazarlarında da təkliflə bağlı narahatlıqlar davam edib. ABŞ-nin yeni gömrük rüsumları planı və İndoneziyanın hasilat məhdudiyyətləri nikelə, ehtiyatların azalması isə sinkin qiymətinə təsir edib.

Qeyd edək ki, süni intellekt və müdafiə sənayesində artan investisiyalar əsas metallara tələbi gücləndirir və bu tendensiyanın yaxın dövrdə də davam edəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram