Vahid Ələkbərovun oğlu Rusiya milyarderlərinin varisləri siyahısına başçılıq edir | Banco.az

Vahid Ələkbərovun oğlu Rusiya milyarderlərinin varisləri siyahısına başçılıq edir

Müəllif:Mehin Qasımova,Banco.az

"Forbes" jurnalı rusiyalı milyarderlərin ən varlı varislərinin növbəti reytinqini dərc edib.

Banco.az xəbər verir ki, siyahının lideri builki reytinqdə də mövqeyini qoruyub saxlayan, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov olub. Nəşrin hesablamalarına görə, 35 yaşlı gənc 29,5 milyard dollarlıq mirasla siyahıya  başçılıq edir.

Qeyd edək ki, Vahid Ələkbərovun yeganə övladı olan Yusif Ələkbərovun şəxsi aktivlərinin dəyəri də yüz milyonlarla dollarla ölçülür. Onun rəhbərlik etdiyi "Ekto" holdinqi əyləncə, istirahət və uşaq xidmətləri sahəsində müxtəlif layihələri birləşdirir, həmçinin atasının qurduğu "Lukoil" şirkətində 0,2%-lik səhm payına sahibdir.

Reytinq cədvəlində ikinci pillədə "Novatek" və "Sibur" şirkətlərinin əsas sahibi Leonid Mikhelsonun iki övladı qərarlaşıb. Atalarının sərvətinin bölünməsi prinsipinə əsasən, hər bir varisə 14,15 milyard dollar pay düşür. İlk üçlüyü isə "EuroChem" şirkətinin təsisçisi Andrey Melniçenkonun qızı Tara və oğlu Adrian tamamlayır — onların hər birinin payı 10,2 milyard dollar səviyyəsində qiymətləndirilir.