Trampın seçilməsi ABŞ iqtisadiyyatı üçün nə vəd edir? | Banco.az

Trampın seçilməsi ABŞ iqtisadiyyatı üçün nə vəd edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi həm ABŞ, həm də dünya iqtisadiyyatına əhəmiyyətli təsirlər göstərəcək.

Banco.az dünya mediasına əsasən xəbər verir ki, məşhur “El Pais” nəşrinin analitikləri düşünür ki,  Tramp, xüsusilə Çin mallarına qarşı yüksək tariflər tətbiq etməyi və vergi endirimlərinə getməyi planlaşdırır. Bu siyasətlər qısa müddətdə ABŞ iqtisadiyyatını stimullaşdıra bilər, lakin uzun müddətdə inflyasiya riskini artıraraq maliyyə dayanıqlığını təhdid edə bilər.

Fosil yanacaqların istehsalını artırmaq və enerji sektorunda tənzimləmələri azaltmaq niyyətində olan Tramp, qısa müddətdə iqtisadiyyatı canlandırsa da, ətraf mühitə mənfi təsirlər və uzunmüddətli maliyyə riskləri yarada bilər.

Ən sərfəli kredit üçün müraciət et

Trampın proteksionist siyasətləri, xüsusilə yüksək gömrük tarifləri tətbiq etməsi, qlobal ticarət müharibələrinə səbəb ola bilər. Bu da dünya iqtisadiyyatında tənəzzül riskini artıraraq, xüsusilə Avropa və Asiya bazarlarına mənfi təsir göstərə bilər.

“Le Monde” yazır ki, Avropa, Trampın iqtisadi siyasətlərinə cavab olaraq yeni proteksionist tədbirlər görməyi düşünür. Bu, qlobal iqtisadiyyatda proteksionizmin artmasına və ticarət əlaqələrinin gərginləşməsinə səbəb ola bilər.

İqtisadçılar düşünür ki, Trampın iqtisadi siyasətləri qısa müddətdə müəyyən sektorlarda canlanma yaratsa da, uzun müddətdə həm ABŞ, həm də dünya iqtisadiyyatı üçün ciddi risklər və qeyri-müəyyənliklər doğura bilər.