Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, ABŞ və Çin tarifləri daha uzun müddət aşağı səviyyədə saxlamaq və nadir torpaq elementlərinin tədarükünü qorumaq məqsədilə ticarət atəşkəsinin müddətini uzadıblar.
Banco.az xəbər verir ki, Bessent bu barədə Çin Prezidenti Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində “Fox News”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, Si Cinpin və ABŞ Prezidenti Donald Tramp ötən ilin oktyabrında Cənubi Koreyada keçirilən görüş zamanı birillik ticarət atəşkəsi barədə razılığa gəliblər. İlkin olaraq noyabr ayında başa çatması nəzərdə tutulan razılaşmanın yanvarın 10-dək uzadılacağı bildirilib.
Bessent həmçinin Pekinin əlavə öhdəlikləri yerinə yetirməli olduğunu qeyd edib. Bu həftə keçiriləcək sammitdən əvvəl ticarət atəşkəsinin daha altı ay və ya daha uzun müddətə uzadılacağı gözlənilirdi.
