"Apple" "iPhone" sahiblərinə pul ödəyəcək | Banco.az

"Apple" "iPhone" sahiblərinə pul ödəyəcək

Müəllif:Mehin Qasımova,Banco.az 

“Apple” şirkəti “Apple Intelligence” süni intellekt funksiyalarının reklamı ilə bağlı istehlakçıları çaşdırdığı iddiası üzrə kollektiv məhkəmə işində 250 milyon dollarlıq razılaşmaya gedib.

İddiaçılar cihazlarını reklam olunan “Siri” funksiyalarına əsaslanaraq aldıqlarını bildiriblər. “Apple” isə bu iddiaları rədd edib və razılaşmanın şirkətin hər hansı məsuliyyəti və ya qanun pozuntusunu qəbul etdiyi anlamına gəlmədiyini açıqlayıb.

Razılaşmaya əsasən, müəyyən tələblərə cavab verən "iPhone" istifadəçiləri hər uyğun cihaz üçün ilkin olaraq 25 dollar kompensasiya ala bilərlər. Müraciətlərin sayından və inzibati xərclərdən asılı olaraq ödəniş məbləğinin 95 dollara qədər dəyişə biləcəyi bildirilir.

Kimlər müraciət edə bilər?

Kompensasiya üçün aşağıdakı şərtlərə cavab verilməlidir:

  • Cihaz 10 iyun 2024-cü il – 29 mart 2025-ci il tarixləri arasında alınmalıdır;
  • Uyğun modellərə “iPhone 15 Pro”, “iPhone 15 Pro Max” və bütün “iPhone 16” modelləri daxildir;
  • Müraciət edən şəxs cihazın ilkin alıcısı olmalı və onu şəxsi və ya peşəkar məqsədlərlə istifadə etməlidir;
  • Cihazın təkrar satış məqsədilə alınmaması tələb olunur.

Müraciətlər rəsmi razılaşma saytı vasitəsilə təqdim ediləcək. Ərizədə ad, ünvan və əlaqə məlumatları ilə yanaşı, cihazın seriya nömrəsi də göstərilməlidir. Seriya nömrəsini “Parametrlər” bölməsindən əldə etmək mümkündür.

Ödənişin “PayPal”, “Venmo”, birbaşa bank köçürməsi və ya çek vasitəsilə alınması mümkün olacaq. Bir neçə uyğun cihazı olan şəxslər hər cihaz üçün ayrıca müraciət etməlidirlər.

Müraciət üçün son tarix 21 dekabr 2026-cı il müəyyən edilib. Razılaşmanın yekun təsdiqi ilə bağlı məhkəmə iclasının 24 fevral 2027-ci ildə Kaliforniyanın San-Xose şəhərində keçirilməsi planlaşdırılır.

Razılaşma məhkəmə tərəfindən təsdiqləndikdən sonra, etiraz olmadığı təqdirdə kompensasiyaların ödənilməsinə başlanılacaq.