Tramp ABŞ-də 1 sentlik sikkələrin buraxılışını dayandırmağı əmr edib | Banco.az

Tramp ABŞ-də 1 sentlik sikkələrin buraxılışını dayandırmağı əmr edib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Prezidenti Donald Tramp Maliyyə Nazirliyinə zərb edilmə dəyərinin yüksək olması səbəbindən nominal dəyəri 1 sent olan sikkələrin buraxılışını dayandırmağı əmr edib.

Banco.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

"Birləşmiş Ştatlar uzun müddətdir ki, hər biri bizə 2 sentdən baha başa gələn pennilər zərb edir. Bu, çox israfçılıqdır! Mən ABŞ-nin maliyyə naziri Skott Bessentə yeni pennilərin buraxılışını dayandırmağı tapşırdım", - deyə o yazıb.

Tramp ABŞ-də büdcə vəsaitlərinin məqsədəuyğun olmayan şəkildə xərclənməsinin dayandırılmasının vacibliyinə bir daha diqqət çəkib.

Amerikalı iş adamı İlon Maskın rəhbərlik etdiyi ABŞ hökumətinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə idarə yanvarın 21-də “X” sosial şəbəkəsində 1 sentlik sikkələrin buraxılışının 3 sentdən baha başa gəldiyini bildirib. Qurumun məlumatına görə, 2023-cü maliyyə ilində ölkədə 4,5 milyarddan çox belə sikkə zərb edilib. Bu, amerikalı vergi ödəyicilərinə 179 milyon dollara başa gəlib.