Müəllif:Mehin Qasımova,Banco.az
Dünyanın ən böyük kriptovalyutası olan Bitkoinin qiyməti 77 min ABŞ dolları ətrafında dəyişir.
Banco.az xəbər verir ki, 31 oktyabr tarixinə olan bazar məlumatlarına əsasən, Bitkoinin qiyməti təxminən 77 392 dollar təşkil edib.
Son günlər Bitkoinin qiymətində müşahidə olunan eniş kriptovalyuta bazarında narahatlığı artırıb. Oktyabrın 30-da Bitkoinin qiyməti 77 min dollardan aşağı düşərək son altı həftənin ən aşağı səviyyəsinə yaxınlaşıb.
Qiymətə təzyiq göstərən əsas amillərdən biri dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance-də baş verdiyi bildirilən təhlükəsizlik insidentidir. Reuters-in məlumatına görə, hadisə nəticəsində milyardlarla dollar dəyərində kriptoaktivlərlə bağlı risk yaranıb. Bu xəbər investorların bazara münasibətinə mənfi təsir göstərib.
Bununla yanaşı, ABŞ texnologiya səhmlərindəki eniş və ümumi maliyyə bazarlarında qeyri-müəyyənlik də kriptovalyutalara tələbi zəiflədən amillər sırasındadır.
Qeyd edək ki, Bitkoin yüksək dəyişkənliyə malik aktivdir. Onun qiyməti qlobal iqtisadi xəbərlər, investor davranışı, tənzimləyici qərarlar və kriptovalyuta platformalarında baş verən hadisələrdən asılı olaraq qısa müddətdə ciddi dəyişə bilər.
