Müəllif: Tamara Mustafayeva, Banco.az
Texnologiya nəhəngləri arasında süni intellekt yarışı sürətlənib.
Banco.az xəbər verir ki, Amerikanın texnologiya şirkəti “Meta”nın baş direktoru (CEO) Mark Zukerberq süni intellekt sahəsində fəaliyyət göstərən texnologiya nəhənglərindən mütəxəssis transferini tam sürətlə davam etdirir.
“Meta” yeni süni intellekt bölməsinə rəhbərlik etməsi üçün “DeepMind”, “OpenAI” və “Safe Superintelligence” şirkətlərindən transfer etdiyi rəhbərlərə indi də “Apple” şirkətindən Ruominq Panqı əlavə edib. ”Apple”ın Süni İntellekt Modelləri rəhbəri Ruominq Panq artıq “Meta”ya keçir.
Panq daha əvvəl Apple Intelligence və digər cihazdaxili süni intellekt funksiyalarını dəstəkləyən süni intellekt əsas modellərini təlimləndirən daxili “Apple” komandasına rəhbərlik edirdi. “Apple”ın süni intellekt modelləri indiyədək tam olaraq böyük bir uğur qazana bilməyib. Panqın ayrılmasının “Apple”ın problemli süni intellekt bölməsində baş verəcək daha bir sıra istefaların başlanğıcı ola biləcəyi düşünülür.
Bununla yanaşı, Panqın Google “DeepMind”, “OpenAI” və “Safe Superintelligence” rəhbərləri ilə birlikdə cihazdaxili süni intellekt modellərinin hazırlanması üzrə təcrübəsini “Meta”ya gətirməsi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!