Rəqəmsal sahibkarlığın yeni mərhələsi: ChatGPT hansı imkanları yaradır? | Banco.az

Rəqəmsal sahibkarlığın yeni mərhələsi: ChatGPT hansı imkanları yaradır?

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Süni intellekt texnologiyalarının sürətli inkişafı insanların yalnız işləmək və məlumat əldə etmək üsullarını deyil, həm də gəlir qazanmaq imkanlarını dəyişdirir. Xüsusilə ChatGPT kimi generativ süni intellekt alətləri əvvəllər müəyyən peşəkar bilik, komanda və ya maliyyə resursları tələb edən bəzi işləri daha əlçatan edib. Bu gün bir şəxs süni intellektdən istifadə etməklə mətn hazırlaya, biznes ideyasını inkişaf etdirə, marketinq strategiyası qura, proqramlaşdırma prosesini sürətləndirə və müxtəlif rəqəmsal xidmətlər təklif edə bilər.

ChatGPT-dən istifadə etməklə həqiqətən pul qazanmaq mümkündürmü? Əgər mümkündürsə, hansı fəaliyyət istiqamətləri real gəlir mənbəyinə çevrilə bilər? Beynəlxalq araşdırmalar göstərir ki, süni intellektin iqtisadi potensialı böyük olsa da, bu texnologiyadan istifadə etmək avtomatik olaraq gəlir əldə etmək demək deyil. Əsas məsələ onu konkret müştəri probleminin həllinə və kommersiya məhsuluna çevirməkdir.

Süni intellekt iqtisadiyyatda nə qədər böyük potensiala malikdir?

Generativ süni intellektin iqtisadi təsiri ilə bağlı ən geniş araşdırmalardan biri beynəlxalq konsaltinq şirkəti “McKinsey” tərəfindən 2023-cü ildə dərc edilib.

Şirkətin “The Economic Potential of Generative AI” adlı hesabatında generativ süni intellektin qlobal iqtisadiyyata illik 2,6-4,4 trilyon dollar həcmində əlavə iqtisadi dəyər qazandıra biləcəyi proqnozlaşdırılıb. Araşdırmada bu potensialın təxminən 75%-nin dörd əsas istiqamətdə cəmləşdiyi bildirilir: müştəri xidmətləri, marketinq və satış, proqram təminatının hazırlanması, eləcə də tədqiqat və inkişaf fəaliyyəti.

Bu göstəricilər süni intellektin yalnız texnoloji şirkətlər üçün deyil, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və fərdi mütəxəssislər üçün də yeni imkanlar yaratdığını göstərir.

Xüsusilə kiçik bizneslər üçün bu texnologiyanın əhəmiyyəti böyükdür. Əvvəllər marketinq, kontent, müştəri xidməti və ilkin biznes təhlili üçün ayrıca əməkdaşlara və ya kənar xidmətlərə ehtiyac duyan sahibkarlar bu işlərin müəyyən hissəsini süni intellekt vasitəsilə daha az resursla həyata keçirə bilirlər.

Kontent və əlyazma xidmətləri

Ən əlçatan istiqamətlərdən biri mətn hazırlanması və kontent istehsalıdır. Şirkətlər, onlayn mağazalar, xəbər portalları və fərdi sahibkarlar mütəmadi olaraq reklam mətnlərinə, məhsul təsvirlərinə, bloq yazılarına, sosial media paylaşımlarına və elektron poçt məzmununa ehtiyac duyurlar.

ChatGPT bu mətnlərin ilkin variantını hazırlamağa, mövzuları araşdırmağa, müxtəlif başlıqlar təklif etməyə və kontent planı qurmağa kömək edir.

Bu istiqamətdə xidmət göstərən şəxs bir neçə bizneslə əməkdaşlıq edərək onların sosial media və veb-sayt məzmununu hazırlaya bilər. Məsələn, restoran üçün həftəlik paylaşım planı, onlayn mağaza üçün məhsul təsvirləri və şirkət üçün bloq yazıları hazırlamaq mümkündür. Lakin burada vacib məqam var: bazarda sadəcə süni intellektin yaratdığı mətni təqdim etmək uzunmüddətli rəqabət üstünlüyü yaratmır. Müştərilər daha çox brendin üslubunu anlayan, faktları yoxlayan, auditoriyaya uyğun məzmun hazırlayan və redaktə bacarığı olan mütəxəssislərə ehtiyac duyurlar.

Sosial media və rəqəmsal marketinq xidmətləri

Kiçik və orta sahibkarların əhəmiyyətli hissəsi sosial şəbəkələrdə aktiv olmağa çalışsa da, peşəkar kontent və marketinq strategiyası hazırlamaq üçün kifayət qədər resursa malik deyil. ChatGPT bu sahədə xidmət göstərən şəxslərə müştərilər üçün aylıq kontent strategiyası, reklam mətnləri, kampaniya ideyaları, auditoriya təhlili və paylaşım təqvimi hazırlamaqda kömək edə bilər.

Məsələn, bir marketinq mütəxəssisi eyni vaxtda bir neçə kiçik biznesin sosial media hesablarının idarə olunmasını həyata keçirə bilər. Süni intellekt isə ideyaların hazırlanması və mətnlərin ilkin işlənməsi prosesini sürətləndirir.

Bu istiqamətin üstünlüyü ondan ibarətdir ki, xidmət birdəfəlik deyil, aylıq əməkdaşlıq formasında satıla bilər. Beləliklə, xidmət göstərən şəxs davamlı müştəri bazası formalaşdırmaq imkanı əldə edir.

Tərcümə və mətnlərin lokallaşdırılması

Süni intellekt vasitəsilə gəlir əldə etməyin digər istiqaməti tərcümə və lokallaşdırma xidmətləridir. Beynəlxalq bazarlara çıxmaq istəyən şirkətlər veb-saytlarının, reklam materiallarının, məhsul təsvirlərinin və digər məzmunlarının müxtəlif dillərə uyğunlaşdırılmasına ehtiyac duyurlar.

ChatGPT mətnlərin ilkin tərcüməsini hazırlaya və dil baxımından uyğunlaşdırılmasına kömək edə bilər. İnsan mütəxəssis isə tərcümənin dəqiqliyini, terminologiyanı və mədəni uyğunluğu yoxlayır. Azərbaycan dili ilə yanaşı ingilis, türk və rus dillərini bilən şəxslər bu imkanlardan istifadə edərək yerli və xarici müştərilərə xidmət göstərə bilərlər. Bununla belə, hüquqi, tibbi və maliyyə sənədlərinin tərcüməsində yalnız süni intellektin nəticəsinə güvənmək düzgün deyil. Belə mətnlərdə peşəkar yoxlama vacibdir.

Rəqəmsal məhsulların hazırlanması və satışı

ChatGPT ilə gəlir əldə etməyin daha maraqlı modellərindən biri rəqəmsal məhsulların yaradılmasıdır.

Bura elektron kitablar, tədris materialları, biznes şablonları, Excel faylları, təqdimat nümunələri, kontent planları və müxtəlif rəqəmsal təlimatlar daxildir. Məsələn, sahibkarlar üçün biznes plan şablonu, tələbələr üçün öyrənmə materialları və ya sosial media mütəxəssisləri üçün hazır kontent təqvimi hazırlamaq mümkündür.

Bu məhsullar bir dəfə hazırlanaraq müxtəlif müştərilərə dəfələrlə satıla bilər. Beləliklə, hər satış üçün məhsulun yenidən hazırlanmasına ehtiyac qalmır.

Lakin rəqəmsal məhsulun hazırlanması onun avtomatik satılacağı demək deyil. Satış üçün düzgün auditoriya, marketinq, məhsulun keyfiyyəti və etibarlı satış kanalı tələb olunur.

Kiçik bizneslər üçün AI avtomatlaşdırma xidmətləri

Daha yüksək ixtisaslaşma tələb edən, lakin kommersiya potensialı olan istiqamətlərdən biri biznes proseslərinin süni intellekt vasitəsilə avtomatlaşdırılmasıdır. Məsələn, onlayn mağazalar müştərilərin tez-tez verdiyi suallara cavab verən chatbot sistemlərinə, sifarişlərin ilkin emalına və müraciətlərin təsnifləşdirilməsinə ehtiyac duya bilərlər. Bu sistemlər “ChatGPT API” və digər avtomatlaşdırma platformaları vasitəsilə qurula bilər.

Belə xidmətlər yalnız texniki quraşdırma ilə məhdudlaşmır. Müştərinin biznes prosesini anlamaq, uyğun həll seçmək, sistemi inteqrasiya etmək və sonradan texniki dəstək göstərmək də tələb olunur.

Bu səbəbdən AI avtomatlaşdırma xidməti sadə mətn hazırlamaqdan daha mürəkkəb olsa da, bizneslər üçün konkret vaxt və resurs qənaəti yarada bilər.

Proqramlaşdırma və veb-sayt hazırlanması

ChatGPT proqramlaşdırma sahəsində də yeni imkanlar yaradıb. Texniki bilikləri olan şəxslər bu alətdən kod yazmaq, səhvləri tapmaq, proqram təminatının funksiyalarını hazırlamaq və texniki sənədləşmə aparmaq üçün istifadə edə bilərlər. Bunun nəticəsində kiçik bizneslər üçün sadə veb-saytlar, sifariş formaları, məlumat panelləri və müxtəlif rəqəmsal alətlər hazırlamaq mümkündür.

Lakin burada da texniki biliklər vacibdir. Süni intellektin yaratdığı kod hər zaman düzgün və təhlükəsiz olmaya bilər. Hazırlanan məhsulun yoxlanılması, test edilməsi və texniki xidmətinin göstərilməsi mütəxəssisin məsuliyyətində qalır.

Beynəlxalq araşdırmalar nə göstərir?

Süni intellekt vasitəsilə pul qazanmaq imkanlarını qiymətləndirərkən yalnız texnoloji şirkətlərin proqnozlarına deyil, real əmək bazarında baş verən dəyişikliklərə də baxmaq lazımdır.

2025-ci ildə “Journal of Economic Behavior & Organization” jurnalında dərc edilən və “Oxford Internet Institute” ilə əlaqəli tədqiqatçılar tərəfindən aparılan araşdırma generativ süni intellektin frilanser bazarına təsirini təhlil edib. “Winners and Losers of Generative AI: Early Evidence of Shifts in Freelancer Demand” adlı tədqiqatda onlayn frilans platformalarındakı iş elanları araşdırılıb.

Nəticələr göstərib ki, generativ süni intellektin əvəz edə bildiyi bacarıqlar üzrə, xüsusilə yazı və tərcümə kimi xidmətlərdə, qısamüddətli işlərə tələbat əvvəlki tendensiya ilə müqayisədə 20-50% azalıb.

Digər tərəfdən, süni intellektlə tamamlanan və daha çox ixtisaslaşma tələb edən sahələrdə fərqli dinamika müşahidə olunub. Məsələn, maşın öyrənməsi proqramlaşdırması üzrə tələbat 24% artıb, süni intellekt əsaslı çatbotların hazırlanmasına dair tələbat isə təxminən üç dəfə yüksəlib.

Bu nəticələr mühüm məqama işarə edir: bazarda sadəcə mətn yazan və ya tərcümə edən şəxslərlə müqayisədə süni intellekti konkret biznes ehtiyaclarının həllinə tətbiq edə bilən mütəxəssislər üçün daha geniş imkanlar yaranır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci il noyabrın 5-də dərc etdiyi “Generative AI and the SME Workforce” hesabatı bu məsələyə kiçik və orta bizneslər prizmasından yanaşır.

Avstriya, Kanada, Almaniya, İrlandiya, Yaponiya, Koreya və Böyük Britaniyada 5 mindən çox kiçik və orta müəssisəni əhatə edən sorğunun nəticələrinə əsasən, müəssisələrin 31%-i generativ süni intellektdən istifadə edir. Hesabatda şirkətlərin bu texnologiyanın işçilərin məhsuldarlığını artırdığını, müəyyən bacarıq çatışmazlıqlarını kompensasiya etməyə və əmək resursları ilə bağlı problemləri azaltmağa kömək etdiyini bildirdiyi qeyd olunur. Bu məlumat göstərir ki, süni intellektdən istifadə yalnız fərdi gəlir əldə etmək istəyən şəxslər üçün deyil, mövcud biznesini inkişaf etdirmək istəyən sahibkarlar üçün də əhəmiyyətli vasitəyə çevrilir.

Süni intellektin biznes imkanları ilə bağlı maraqlı tədqiqatlardan biri Columbia Business School tərəfindən təqdim edilib.

2024-cü ildə Keniyada fəaliyyət göstərən sahibkarlar arasında aparılan təcrübədə “GPT-4” əsaslı biznes köməkçisinin sahibkarlıq fəaliyyətinə təsiri araşdırılıb. Təcrübə çərçivəsində bəzi sahibkarlar “WhatsApp” vasitəsilə süni intellektdən biznes məsləhətləri alıblar. Tədqiqatın nəticələri göstərib ki, süni intellektin təsiri bütün sahibkarlar üçün eyni olmayıb. İlkin göstəriciləri daha yüksək olan sahibkarlar AI məsləhətlərindən faydalanaraq biznes nəticələrini yaxşılaşdırıblar. Bu qrupda müsbət təsir 15%-dən bir qədər çox olub. Digər tərəfdən, ilkin göstəriciləri aşağı olan sahibkarların nəticələri təxminən 8% pisləşib.

Başqa sözlə, ChatGPT sahibkarın əvəzinə biznes qurmur və onun uğuruna zəmanət vermir. Texnologiyanın yaratdığı imkanlardan düzgün istifadə etmək üçün bazarı, müştərini və fəaliyyət sahəsini anlamaq lazımdır.

Süni intellektin sahibkarlıq üçün yaratdığı əsas üstünlüklərdən biri ilkin xərclərin müəyyən qədər azaldılmasıdır. Ənənəvi biznes modelində kontent hazırlanması, dizayn, marketinq, ilkin bazar araşdırması və müştəri xidmətləri üçün ayrıca işçi və ya kənar xidmətlərə ehtiyac yarana bilər. Generativ süni intellekt bu işlərin bir qismini daha az resursla həyata keçirməyə imkan verir.

Məsələn, fərdi sahibkar kompüter və internet bağlantısı ilə fəaliyyətə başlaya, ChatGPT-dən ideya və mətnlərin hazırlanmasında, digər rəqəmsal vasitələrdən isə dizayn və avtomatlaşdırma prosesində istifadə edə bilər. Bununla belə, biznesin real xərcləri seçilən fəaliyyət istiqamətindən asılıdır. Ödənişli proqram təminatı, reklam, veb-sayt, texniki infrastruktur, müştəri cəlbi və vergi öhdəlikləri də nəzərə alınmalıdır.

Burada əsas üstünlük böyük ofis və işçi heyəti yaratmadan xidmət göstərməyə başlamaq imkanının olmasıdır.

Azərbaycanda hansı imkanlar daha realdır?

Azərbaycanda ChatGPT vasitəsilə gəlir əldə etmək istəyən şəxslər üçün ilk növbədə yerli bizneslərin ehtiyaclarına uyğun xidmətlərə diqqət yetirmək məqsədəuyğundur. Xüsusilə aşağıdakı istiqamətlər potensial biznes modelləri kimi nəzərdən keçirilə bilər:

Kiçik bizneslər üçün kontent xidməti: Restoran, mağaza, gözəllik salonu və digər müəssisələr üçün sosial media məzmununun hazırlanması.

Elektron ticarət xidmətləri: Onlayn mağazalar üçün məhsul təsvirləri, reklam mətnləri və müştəri müraciətlərinin ilkin emalı.

Tərcümə və lokallaşdırma: Yerli şirkətlərin xarici bazarlara çıxışı üçün məzmunun müxtəlif dillərə uyğunlaşdırılması.

Rəqəmsal tədris məhsulları: Elektron kitablar, təlim materialları və müxtəlif sahələr üzrə praktik bələdçilərin hazırlanması.

Biznes avtomatlaşdırılması: Kiçik müəssisələr üçün chatbotlar, müştəri xidmətləri və sifariş proseslərinin avtomatlaşdırılması.

Beynəlxalq frilans xidmətləri: Xarici müştərilər üçün kontent, dizayn, proqramlaşdırma və AI inteqrasiyası xidmətlərinin göstərilməsi.

Xüsusilə Azərbaycan, ingilis, türk və rus dillərində işləyə bilən mütəxəssislər üçün müxtəlif bazarlara çıxış imkanı mövcuddur. Bununla belə, xarici bazarda müştəri tapmaq üçün yalnız dil bilikləri kifayət etmir. Portfolio, peşəkar bacarıqlar, müştəri rəyləri və rəqabətqabiliyyətli xidmət də vacibdir.

Gəlir mənbəyi ChatGPT deyil, onunla yaradılan dəyərdir.