Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ildə texnologiya dünyasında çalışan rəhbərlər, texnologiya ilə yanaşı, liderlik, dözümlülük və strateji düşüncə kimi mövzulara daha çox diqqət yetirən kitablar oxuyublar.
Banco.az-ın araşdırmasına görə, Goldman Sachs-ın Baş İnformasiya Mütəxəssisi Marco Argenti 2024-cü ildə texnologiyanın gələcəyini anlamaq üçün "A Brief History of Intelligence: Evolution, AI, and the Five Breakthroughs That Made Our Brains" kitabını oxuyub. Kitab haqqında o belə deyib:
“Bu kitab texnologiya ilə gündəlik işləyənlər və ya onun istiqaməti haqqında maraqlananlar üçün beynin təkamülündən öyrənilə biləcək maraqlı dərsləri təqdim edir. Bu, bizi gələcəyin texnoloji inkişaflarına hazırlaşdırır.”
Kim Basile, Kyndryl şirkətində baş informasiya mütəxəssisi olaraq, texnologiya strategiyalarını idarə edir və komandaların innovativ həllər təqdim etməsini təmin edir. Onun vəzifəsi təşkilatın texnoloji infrastrukturu ilə yanaşı, işçilərin və müştərilərin texnoloji ehtiyaclarını dəstəkləməkdən ibarətdir.
2024-cü ildə Kim Basile "Drive: The Surprising Truth About What Motivates Us" (Daniel H. Pink) kitabını oxuyub. Bu kitab haqqında o deyib ki, liderlər olaraq müstəqillik və davamlı öyrənmə imkanları yaratmaq komandalarımızın güclənməsi üçün çox vacibdir.
“Biz bunu prioritet etdikdə, komandalarımızın öz rollarında daha çox inkişaf etdiyini və davamlı irəliləyiş əldə etdiyini görürük.”
Rob Francis, Booking.com-un baş texnologiya mütəxəssisi olaraq texnologiya və mədəniyyət arasında əlaqənin əhəmiyyətinə diqqəti yönəldib. Satya Nadella-nın “The Quest to Rediscover Microsoft’s Soul and Imagine a Better Future for Everyone” kitabını oxuyan R.Francis
xatırladıb ki, doğru mədəniyyət olmadan istədiyiniz yerə çatmaq mümkün deyil. Rob Francis, şirkət daxilində doğru mədəniyyətin inkişaf etdirilməsinin texnologiya layihələrində uğurun açarı olduğuna inanır.
Hershey Co.-nun baş texnologiya mütəxəssisi Deepak Bhatia isə 2024-cü ildə Anil Ananthaswamy-nin “Why Machines Learn: The Elegant Math Behind Modern AI” adlı kitabını daha çox bəyənib:
“Bu sadəcə bir ML dərsliyi deyil. Ananthaswamy maşın öyrənməsinin təkamülünü, tarixi hekayələri və real nümunələri birləşdirərək riyazi əsasları daha anlaşılan edir.”
Bhatia, maşın öyrənməsinin texnoloji inkişaflarda oynadığı mühüm rolu dərk etməyin liderlər üçün vacib olduğunu vurğulayıb.
Erran Berger, LinkedIn-də məhsul mühəndisliyinə rəhbərlik edir. O deyib ki, yola salacağımız ildə Ben Horowitz-in 2014-cü ildə nəşr edilən “The Hard Thing About Hard Things: Building a Business When There Are No Easy Answers” kitabını oxuyub.
Berger çətin qərarların qəbul edilməsi ilə bağlı bu kitabı çox dəyərli hesab edir: “Texnoloji yeniliklərin və qlobal qeyri-sabitliyin bu sürətində çətin qərarlar qəbul etmək və qeyri-müəyyənliklərdə idarəçilik haqqında Horowitz-in məsləhətləri çox dəqiqdir.”
Onun sözlərinə görə, kitabda liderlər üçün qeyri-müəyyənliklərdə uğurlu idarəetmə və mədəniyyətin formalaşdırılması üçün vacib tövsiyələr verilir.