Tesla və SpaceX nəhəng çip fabriki tikəcək | Banco.az

Tesla və SpaceX nəhəng çip fabriki tikəcək

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ şirkətləri Tesla və SpaceX Texas ştatının Ostin şəhərində böyük bir çip fabriki tikəcəklər.

Banco.az xəbər verir ki, hər iki şirkətin də rəhbəri olan İlon Mask layihə barədə deyib ki, Terafab Tesla elektrik avtomobilləri, Optimus antropomorfik robotları və kosmik tətbiqlər üçün çiplər istehsal edəcək, SpaceX isə çox sayda süni intellekt hesablama peykini yerləşdirməyi planlaşdırır.

Maskın X sosial şəbəkəsində elan etdiyi kimi kompleks iki hissəyə bölünəcək və hər hissədə müəyyən bir çip növü istehsal olunacaq.

O qeyd edib ki, Terafab mikroçiplərin istehsalı üçün lazım olan mürəkkəb litoqrafiya texnologiyası ilə yanaşı, onların dizaynı, sınaqdan keçirilməsi və istehsalı üçün avadanlıqla təchiz olunacaq.

Milyarder Ostində keçirilən tədbirdə izah edib ki, belə bir zavoda ehtiyac var, çünki Samsung və digər tərəfdaşlar Tesla və SpaceX-i qane edəcək sürətlə istehsalı artırmağı planlaşdırmırlar.

Mask Terafabın tikintisi üçün müddət və ya bu layihədə Tesla ilə SpaceX arasında rolların bölüşdürülməsi barədə məlumat verməyib.

Morgan Stanley analitikləri bu yaxınlarda Teslanın öz çip fabrikinin tikintisinin dəyərini bir neçə il müddətində 20 milyard dollardan xeyli çox qiymətləndiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram