"SpaceX"in "Starship" raketi kosmosa ilk peyk buraxılışını uğurla başa vurub | Banco.az

"SpaceX"in "Starship" raketi kosmosa ilk peyk buraxılışını uğurla başa vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SpaceX”in “Starship” raketi kosmosa ilk peyk buraxılışını uğurla başa vurub.

Banco.az xəbər verir ki, raket çərşənbə axşamı yerli vaxtla saat 18:30-da “SpaceX”ın Cənubi Texasdakı Starbase bazasından havaya qalxıb. Super Heavy gücləndiricisi planlaşdırıldığı kimi “Starship” kosmik gəmisindən ayrıldı və Meksika körfəzinə nəzarətli eniş edib. “Starship” isə səyahətini davam etdirərək buraxılışdan təxminən 20 dəqiqə sonra gələcək “Starlink” peykləri ilə eyni ölçü və çəkiyə malik maket peykləri kosmosa buraxmağa başlayıb.

“SpaceX” əməkdaşları peyklərin aparatdan bir-bir ayrıldığı anları canlı yayımda böyük coşqu ilə qarşıladılar. Təxminən bir saat sonra “Starship” Yer atmosferinə yenidən daxil olaraq Hind okeanına endi. Suya çırpıldıqdan sonra partladığı müşahidə olunsa da, missiya ümumilikdə uğurlu hesab edilib.

“SpaceX”ın canlı yayım komandası bu testin məqsədinin aparatı qəsdən sınağa çəkmək olduğunu vurğulayıb. Aparat atmosferdən keçərkən bəzi hissələrinin qopduğu görünüb. SpaceX sözçüsü Dan Huot bu görüntülər barədə belə dedi:
“Belə şeyləri görmək bizim üçün hələ də dəyərlidir. Bu aparatı sərhədlərinə qədər zorlayırıq ki, hazırlayacağımız növbəti versiyanın limitlərini daha yaxşı öyrənək.”

Bu missiya İlon Maskın rəhbərlik etdiyi şirkət üçün kritik bir uğur olub. Əvvəlki sınaq uçuşlarında yaşanan problemlər “Starship”in Maskın hədəflərini gerçəkləşdirib-gerçəkləşdirə bilməyəcəyinə dair suallar doğurmuşdu. Dünyanın ən böyük və ən güclü raketi kimi təqdim olunan “Starship” “SpaceX”ın həm genişmiqyaslı “Starlink” internet peyklərini orbitə daşımağı, həm də insanları Aya və nəhayət Marsa aparmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram