Bu şirkət tropik meyvədən aviasiya yanacağı istehsalına 3 milyard dollar sərmayə yatırır | Banco.az

Bu şirkət tropik meyvədən aviasiya yanacağı istehsalına 3 milyard dollar sərmayə yatırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mubadala Capital” tropik meyvədən aviasiya yanacağı istehsalına 3 milyard dollar sərmayə yatırır.

Banco.az xəbər verir ki, Əbu-Dabi mərkəzli “Mubadala Capital” Braziliyada makauba meyvəsindən davamlı aviasiya yanacağı istehsalı məqsədilə 3 milyard dollarlıq layihə həyata keçirir. Şirkət inşa ediləcək biorefineriyada gündəlik 20 min barrel yanacaq istehsal etməyi hədəfləyir.

Braziliyada az tanınan tropik makauba meyvəsinin təyyarələr üçün yanacaq mənbəyinə çevrilməsi istiqamətində işlər sürətlə davam edir.

Minas-Jerays ştatında 200-dən çox tədqiqatçı yağla zəngin makauba meyvəsinin sənaye miqyasında istehsala hazırlanması üzərində çalışır. Layihədə aqrar mühəndislər, biotexnologiya mütəxəssisləri və avtomatlaşdırma sahəsi üzrə komandalar iştirak edir. Layihənin ümumi investisiya dəyəri 3 milyard dollara çatır.

Layihə çərçivəsində makauba palma ağaclarının 144 min hektar ərazidə becərilməsi nəzərdə tutulur. Bu ərazi sahəsinə görə ABŞ-nin Los-Anceles şəhərindən bir qədər böyükdür.

“Mubadala Capital”a tam məxsus olan “Acelen Renováveis” şirkəti ilk ağacların 2030-cu ildə meyvə verəcəyini gözləyir. Əldə olunacaq yağ Baiya ştatında tikilən biorefineriyada davamlı aviasiya yanacağına çevriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram