Bu ilin birinci yarısında “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 1 754 mln. ABŞ dolları həcmində xərclər çəkilib.
Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında qeyd edilib.
Məlumata görə, 2025-ci ilin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 mlrd. 282 mln. dollar əməliyyat xərcləri və təxminən 472 mln. dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
“Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - hesabatda qeyd olunur.
Bildirilir ki, ilin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 mlrd. standart kubmetr qaz və təxminən 2mln. ton (təqribən 16 mln. barel) kondensat hasil edilib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 mln. (ildə təqribən 28,2 mlrd.) standart kubmetrdir.
Qeyd olunur ki, “Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanıb.
“İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.
“İstiqlal” və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
Ikinci rüb ərzində “İstiqlal” qazma qurğusu qərb-cənub cinahında SDF04 quyusunda işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərini davam etdirib”, - hesabatda deyilir.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 22 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Şahdənizdə iştirak payları belədir: BP (operator – 29,99%), Lukoil (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NIKO (10,00%), MVM (5%).