Müəllif:Mehin Qasımova,Banco.az
Məşhur amerikalı milyarder İlon Mask süni intellekt sahəsində növbəti böyük addımı ilə bağlı planlarını açıqlayıb.
Banco.az xəbər verir ki, Maskın təsis etdiyi "SpaceX" şirkəti 2027-ci ildən etibarən NVIDIA-nın yeni nəsil "Vera Rubin NVL72" süni intellekt sistemlərini Yer orbitinə göndərməyi planlaşdırır.
Mask bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, SpaceX-in gələn ildən başlayaraq NVIDIA-nın güclü süni intellekt kompüterlərini kosmosa göndərməyə başlaması ehtimalı yüksəkdir.
Layihə çərçivəsində gələcəkdə məlumat mərkəzlərinin bir hissəsinin Yer orbitində yerləşdirilməsi nəzərdə tutulur. Bu isə süni intellekt üçün tələb olunan böyük hesablama gücünün kosmosda təmin edilməsinə imkan yarada bilər.
Mütəxəssislərin fikrincə, orbital məlumat mərkəzləri günəş enerjisindən daha səmərəli istifadə və yeni texnoloji infrastrukturun yaradılması baxımından mühüm imkanlar aça bilər.
Belə bir sistemin gələcəkdə SpaceX-in Starlink peyk şəbəkəsi ilə inteqrasiya edilərək qlobal internet və süni intellekt xidmətlərinin inkişafına töhfə verəcəyi də istisna edilmir.
