Müəllif: Tamara Mustafayeva, Banco.az
Qida nəhəngi zəhərli maddələr iddialarına görə körpə qidalarını geri çağırır.
Banco.az xəbər verir ki, qida nəhəngi “Nestlé” Avropada satışa çıxarılmış körpə qidalarında keyfiyyət problemi aşkar edib. Tədbir məqsədilə körpə qidaları geri çağırılır.
İsveçrə mənşəli qida nəhəngi uzun illərdir fəaliyyət göstərdiyi qida sektorunda möhkəm mövqe qazanıb. Körpə qidaları ilə yanaşı müxtəlif qida məhsullarını da portfelində birləşdirən şirkət, başda Fransa, Almaniya, Avstriya, Danimarka, İtaliya və İsveç olmaqla bir çox Avropa ölkəsində körpə qidası partiyalarını geri çağırıb.
“Nestlé” rəsmi internet saytında yaydığı açıqlamada əsas tədarükçülərindən birindən əldə edilən bir komponentdə “keyfiyyət problemi” aşkar edildiyini bildirib. Açıqlamada qeyd olunub ki, “potensial olaraq təsirlənmiş körpə qidalarının istehsalında istifadə edilən bütün araşidon turşusu yağları və müvafiq yağ qarışıqları test edilib”.
Sözügedən məhsullarla bağlı hər hansı bir insident qeydə alınmayıb. Şirkət təsirlənmiş məhsulların partiya nömrələrini göstərən fotoları internet saytının yerli versiyalarında yayımlayıb. Bu məhsullar müxtəlif adlar altında satışa çıxarılır. Almaniyada onlar “Beba” və “Alfamino” adları ilə tanınır.
Bizi sosial şəbəkələrdən izləyin!!
