Pulumuzu manatda, yoxsa dollarda saxlayaq? | Banco.az

Pulumuzu manatda, yoxsa dollarda saxlayaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Yığımların investisiya edilməsi üçün kifayət qədər geniş alətlər mövcuddur. Bu alətlər vasitəsilə passiv yığımları daha səmərəli şəkildə idarə etmək mümkündür. Bunlara qiymətli kağızlar, daşınmaz əmlak, qızıl və digər investisiya vasitələri daxildir".

İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, əgər vəsaitin manatla və ya ABŞ dolları ilə saxlanılması məsələsini nəzərdən keçiririksə, qeyd olunmalıdır ki, hazırkı şəraitdə Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsinin sabit saxlanılması üçün mühit hələ də əlverişlidir:

"Xüsusilə son dövrlərdə neft qiymətlərinin artması ölkənin strateji valyuta ehtiyatlarının yüksəlməsinə səbəb olmuş və bu da manatın mövcud səviyyədə qorunması imkanlarını genişləndirmişdir. Bu baxımdan, qısamüddətli dövrdə manatın məzənnəsi ilə bağlı ciddi risklər gözlənilmir. Ona görə də, yığımların qısa müddət üçün saxlanılması nəzərdə tutulursa, manatda saxlanılması daha məqsədəuyğun hesab olunur.

Burada digər vacib məqam vəsaitin əmanət kimi yerləşdirilib-yerləşdirilməməsidir. Əgər vəsait əmanət şəklində yerləşdirilirsə, nəzərə almaq lazımdır ki, manatla sığortalanan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%-dir. Bazarda da buna uyğun faizlər formalaşıb. Bu isə həm inflyasiyanın təsirini müəyyən qədər kompensasiya edir, həm də təxminən 5–6% əlavə gəlir əldə etməyə imkan yaradır.

Xarici valyutada olan əmanətlər üzrə isə faiz dərəcəsi 2,5%-dir. Bu göstərici gözlənilən inflyasiya səviyyəsindən aşağı olduğuna görə, belə əmanətlər real alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxarır.

Uzunmüddətli dövr üçün isə yanaşma fərqli olmalıdır. Ümumiyyətlə, yığımların passiv şəkildə, yəni heç bir alətə yönəldilmədən saxlanılması məqsədəuyğun deyil. Vəsaitlər ya investisiya edilməli, ya da ən azından depozitlərə yerləşdirilərək faiz gəliri vasitəsilə dəyər itkisindən qorunmalıdır".

İqtisadçı qeyd edib ki, çünki hazırkı iqtisadi şəraitdə inflyasiya səviyyəsi yüksəlib: "Əgər ötən il inflyasiya 5,6% idisə, cari ildə bu göstərici (son baş verənlər fonunda xidmət və əmtəə bazarında dəyişikliyi nəzərə aldıqda) 8–10% intervalında ola bilər: "Bu isə yığımların real dəyərinin azalmasına səbəb ola bilər. Bu baxımdan, uzunmüddətli dövrdə vəsaitin nağd şəkildə, xüsusilə ev şəraitində saxlanılması tövsiyə edilmir - valyutadan asılı olmayaraq.

Qısamüddətli dövrdə isə, əgər vətəndaş manatda vəsait saxlamaq istəmirsə, alternativ kimi digər valyutalara da baxıla bilər. Son dövrlərdə ABŞ dollarının gələcəyi ilə bağlı müəyyən risklər mövcuddur və bu risklər onun dəyərdən düşməsi ehtimalını artırır. Bu kontekstdə avro, funt sterlinq kimi digər dönərli valyutalarda vəsait saxlamaq da mümkün alternativ kimi qiymətləndirilə bilər".

"Bununla belə, valyuta seçimi zamanı düzgün zamanlama mühüm əhəmiyyət kəsb edir. Alışların uyğun vaxtda edilməsi daha məqsədəuyğundur.

Məsələni makro şəklində ümumiləşdirəndə isə vəsaitlərin manatda saxlanılması tövsiyyə olunur. Bununla yanaşı, hər bir yığım sahibi bazar vəziyyətini daim izləməli və dəyişən şəraitə uyğun qərarlar qəbul etməlidir", - R. Həsənov əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram