Müəllif:Ayşən İmanova/Banco.az
Polşa hökuməti Baltik dənizi sahilində ölkənin ilk Atom Elektrik Stansiyasının (AES) tikintisinə 60 milyard zlotıdan (15 milyard dollar) çox vəsait ayırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisinin saytında dərc olunmuş məlumatda deyilir.
"Hökumət Polşanın ilk Atom Elektrik Stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi üçün vəsait ayırmaq qərarına gəlib. 2025-2030-cu illər arasında “Polskie Elektrownie Jądrowe” şirkəti enerji sektoruna bu strateji sərmayəni dəstəkləmək üçün 60,2 milyard zlotı alacaq", - məlumatda bildirilir.
Atom elektrik stansiyasının tikintisinin ümumi dəyəri 115 milyard zlotı (təxminən 28 milyard dollar) qiymətləndirilir. İşlərin başlaması 2026-cı ilə planlaşdırılır. Stansiyanın “Westinghouse” şirkəti tərəfindən istehsal olunan, 1,1 GVt gücündə olan ilk AP1000 reaktoru 2033-cü ildə cərəyan istehsal etməlidir. Atom elektrik stansiyasının tikintisi üçün Baltik dənizi sahilindən çox da uzaq olmayan Lyubyatovo-Kopalino qəsəbəsi seçilib.