Ötən il "Şahdəniz" yatağından hasil edilən qazın həcmi açıqlanıb | Banco.az

Ötən il "Şahdəniz" yatağından hasil edilən qazın həcmi açıqlanıb

2025-ci il ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Bu barədə yatağın operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə 2025-ci ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabata əsasən, 2025-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), "LUKoil" (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.