Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Noyabrın 30-da baş tutan “OPEC+” alyans iclasında Səudiyyə Ərəbistanı istisna olmaqla, təşkilatın bütün üzvləri üçün gündəlik neft hasilatının əlavə olaraq 1 milyon barel azaldılması barədə razılığa gəlindi.
Rusiya bu həcmin gündəlik 0,5 milyon barrelini öz üzərinə götürəcək. Ər-Riyad - digərlərindən ayrı olaraq - könüllü azalma müddətini sutkada 1 milyon barel artıracaq.
Bu o deməkdir ki, danışıqlarda iki aparıcı neft hasil edən ölkənin - Səudiyyə Ərəbistanı və Rusiyanın mövqeyi üstünlük təşkil edib, onlar faktiki olaraq tandemdə hərəkət ediblər.
2024-cü ilin yanvar ayından etibarən “OPEC plyus”un qrupu ittifaqına Braziliya da daxil olacaq.
Mövzunu Banco.az-üçün şərh edən neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, Braziliyanın alyansa daxil olmasında maraq dünyada gedən geosiyasi proseslər qarşısında iqtisadi maraqları qorumaqdır:
“Bu ölkələrin iqtisadiyyatları neftə bağlıdır. İnkişaf etmiş ölkələr yaşıl enerji məsələsini önə çıxartmaqla mənəvi enerjiyə kapital qoyuluşunu azaldırlar. Bu da həmin ölkələrin neft-qaz yataqlarının işlənməsində xərcləri artırmaqla bərabər bazar iştirakçıları üçün cəlbedici heç nə vəd etmir. 2015 -2016-cı ildə “OPEC”+-in neftin bir bareli üçün 50 dollar həddi müəyyən etməsi ədalətli görünsə də, hazırda alyans hesab edir ki, bu 80 dollardan aşağı düşərsə bazarda maraq əvvəlki kimi olmayacaq”.
Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib.
OPEC+ qərarının Azərbaycan neftinə təsirləri barədə açıqlama verən İlham Şaban qeyd etdi ki, “Azeri light” üçün hər hansı təhlükə yoxdur:
“Gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Cari ilin oktyabr ayında 489 min barel neft hasil etmişik. Ona görə bizim üçün elə bir hansısa neqativ təsirləri yoxdur”.
Bizi sosial şəbəkələrdən izləyin!!