Müəllif:Mehin Qasımova,Banco.az
"Goldman Sachs" Hörmüz boğazı ətrafında yaranan risklər fonunda neft qiymətləri ilə bağlı proqnozlarını yuxarı istiqamətdə yeniləyib.
Banco.az xəbər verir ki, bankın məlumatına görə, boğazın uzun müddət bağlanması qlobal neft ehtiyatlarının həddindən artıq tükənməsinə səbəb ola bilər.
Analitiklər bildirirlər ki, emal olunmuş məhsulların yüksək qiymətləri, potensial çatışmazlıqlar və şokun miqyası səbəbindən neft bazarında risklər artmaqdadır.
"Goldman Sachs" bu rüb üçün gündəlik 9,6 milyon barel kəsir proqnozlaşdırır. Bankın hesablamalarına görə, bu fonda Brent neftinin qiyməti cari rübdə 100 dollar, üçüncü rübdə isə 93 dollar səviyyəsində formalaşa bilər.
Digər böyük maliyyə institutu olan "Morgan Stanley" isə proqnozlarını dəyişməyib. Bankın analitikləri qeyd edirlər ki, Hörmüz boğazının bağlanması nəticəsində Fars körfəzindən gündəlik neft ixracı 14,2 milyon barel azalıb.
"Morgan Stanley" hesab edir ki, bu vəziyyət qlobal ehtiyatların gündəlik 4,8 milyon barel azalmasına səbəb olub, lakin bunun bir hissəsi zəif tələbatla kompensasiya edilib.
Bankın proqnozlarına əsasən, Brent fyuçersləri cari rübdə orta hesabla 110 dollar, üçüncü rübdə 100 dollar, dördüncü rübdə isə 90 dollar səviyyəsində olacaq.
