"Nvidia" xəbərləri "Intel" səhmlərinin ucuzlaşmasına səbəb olub | Banco.az

"Nvidia" xəbərləri "Intel" səhmlərinin ucuzlaşmasına səbəb olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Intel” səhmləri “Nvidia”nın istehsal testlərini dayandırdığına dair xəbərlərdən sonra ucuzlaşıb.

Banco.az xəbər verir ki, “Reuters”in mövzu ilə bağlı məlumatlı iki mənbəyə istinadən yaydığı xəbərə görə, yaxın zamanda 18A prosesini sınaqdan keçirən “Nvidia” irəliləyişi dayandırıb.

Xəbərdən sonra “Intel” səhmləri Nyu-Yorkda açılışdan əvvəlki ticarət əməliyyatlarında təxminən 2,3 faiz dəyər itirib.

“Intel” qısa müddət əvvəl Arizonadakı Ocotillo müəssisəsində “Fab 52” adı ilə tanınan və 18A texnologiyası ilə kütləvi istehsala başlayan ilk zavodunu açmışdı. Şirkət bunun ABŞ-da hazırlanmış və tətbiq edilən ən qabaqcıl istehsal texnologiyası olduğunu bildirmişdi.

“Intel”in qabaqcıl çipləri ölkə daxilində istehsal etməyə yönəlik səyləri qlobal lider “Taiwan Semiconductor Manufacturing Co.”yə meydan oxumaq və sektorda Amerika liderliyini yenidən bərpa etmək cəhdi kimi qiymətləndirilir.

“Nvidia” sentyabr ayında ABŞ hökumətinin şirkətdə təxminən 10 faiz pay əldə etməsi qərarından sonra “Intel”ə 5 milyard dollar investisiya yatırmaq qərarı vermişdi. Dünyanın ən dəyərli şirkəti olan “Nvidia”nın bu yatırımı son illərdə itkilərini dayandırmaq və onu geridə qoyan rəqiblərini yaxalamaq üçün mübarizə aparan “Intel” üçün mühüm dəstək kimi dəyərləndirilmişdi. Lakin razılaşma “Intel”in “Nvidia” çiplərini istehsal edəcəyi ilə bağlı hər hansı öhdəlik nəzərdə tutmurdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram