Müəllif: Tamara Mustafayeva, Banco.az
Nigeriya Beynəlxalq Enerji Agentliyinə qoşulub.
Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) tərəfindən yayılan açıqlamada bildirilib ki, qurumun İdarə Heyəti yekdilliklə Nigeriyanın tərəfdaş ölkə qismində agentliyə qoşulmasına qərar verib.
Açıqlamada qeyd olunub ki, 240 milyondan çox əhalisi olan Nigeriya Afrikanın ən böyük iqtisadiyyatlarından biri olmaqla yanaşı, iri neft və təbii qaz istehsalçısıdır və qitədə sürətlə inkişaf edən bərpa olunan enerji bazarlarından biri kimi ön plana çıxır. Bununla belə, ölkənin enerji sektorunda mühüm çətinliklərlə də üzləşdiyi vurğulanıb.
Açıqlamada həmçinin bildirilib ki, Nigeriyanın beynəlxalq enerji bazarlarındakı getdikcə güclənən rolu son dövrlərdə neft emalı sənayesində əldə olunan irəliləyişlərlə daha da nəzərə çarpır.
Qiymətləndirmədə qeyd olunub: “Bazarlarda son dövrlərdə yaşanan fasilələr zamanı Nigeriyanın artan yanacaq ixracı Afrika və qlobal yanacaq bazarlarının dayanıqlığının möhkəmlənməsinə töhfə verib. Ölkə eyni zamanda paylanmış günəş enerjisi həlləri sahəsində dünyanın ən sürətlə inkişaf edən bazarlarından birinə çevrilib və elektrik enerjisinə çıxışın genişləndirilməsi, eləcə də təmiz yemək bişirmə imkanlarının artırılması istiqamətində səylərini sürətləndirir”.
Bizi sosial şəbəkələrdən izləyin!!
