Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Pul yığmaq və gələcək üçün maliyyə ehtiyatı yaratmaq istəyən insanların qarşılaşdığı əsas anlayışlardan biri mürəkkəb faizdir. Bu mexanizm insanın yalnız ilkin qoyduğu məbləğdən deyil, zamanla qazandığı faizdən də gəlir əldə etməsinə imkan verir. Nəticədə, pul uzun müddət ərzində daha sürətlə arta bilər.
Mürəkkəb faiz xüsusilə uzunmüddətli yığım və investisiya zamanı əhəmiyyət qazanır. Bunun üçün hər zaman böyük məbləğlə başlamaq lazım deyil. Əsas amillər ilkin məbləğ, faiz dərəcəsi, vaxt və yığıma müntəzəm davam etməkdir.
Bəs mürəkkəb faiz nədir, necə hesablanır və şəxsi maliyyənin idarə edilməsində hansı üstünlükləri yaradır?
Mürəkkəb faiz ilkin məbləğə hesablanan faiz gəlirinin əsas məbləğə əlavə olunması və sonrakı dövrlərdə faizin artıq artmış məbləğ üzərindən hesablanmasıdır. Başqa sözlə, bu sistemdə insan yalnız yatırdığı puldan deyil, əvvəl qazandığı faizdən də gəlir əldə edir.
ABŞ-nin İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunun (CFPB) izahına görə, mürəkkəb faiz həm ilkin yığıma, həm də həmin yığımın zamanla qazandığı faizlərə tətbiq olunur.
Məsələn, bank hesabına 1 000 manat yerləşdirildiyini və illik faiz dərəcəsinin 5% olduğunu fərz edək. Faiz hər ilin sonunda hesablanıb əsas məbləğə əlavə edilirsə, ilk ilin sonunda 50 manat faiz gəliri yaranır. Beləliklə, hesabdakı ümumi məbləğ 1 050 manat olur. İkinci ildə faiz artıq 1 000 manat deyil, 1 050 manat üzərindən hesablanır. Bu zaman gəlir 52,50 manat təşkil edir və ilin sonunda ümumi məbləğ 1 102,50 manata çatır.
Beləliklə, hər il qazandığınız faiz növbəti dövrdə əlavə gəlir əldə etməyə imkan verir. Mürəkkəb faizin əsas üstünlüyü də məhz budur. Burada diqqət çəkən məqam odur ki, faiz gəliri hər il artır. Çünki faiz hesablanan məbləğ də əvvəlki illərlə müqayisədə böyüyür.
Sadə faizlə mürəkkəb faiz arasındakı fərq
Sadə faiz zamanı gəlir yalnız ilkin məbləğ əsasında hesablanır. Mürəkkəb faizdə isə əvvəlki dövrlərdə əldə edilmiş faiz də əsas məbləğə əlavə olunur və növbəti hesablamalara daxil edilir.
İlk illərdə fərq böyük görünməyə bilər. Lakin müddət uzandıqca faiz gəlirinin də gəlir yaratması nəticəsində bu fərq arta bilər.
Mürəkkəb faizin ən böyük üstünlüklərindən biri zamandır. Pul nə qədər uzun müddət hesabda və ya gəlir gətirən aktivdə qalarsa, əvvəlki gəlirlərin yeni gəlir yaratması üçün bir o qədər çox imkan yaranır.
ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasının “Investor.gov” platforması mürəkkəb faizin təsirini izah edərkən erkən başlamağın əhəmiyyətini xüsusi vurğulayır. Bu səbəbdən yığıma erkən başlamaq, hətta kiçik məbləğlərlə olsa belə, uzunmüddətli maliyyə məqsədlərinə çatmaq üçün faydalı ola bilər.
Mürəkkəb faizdən faydalanmaq üçün yalnız ilkin məbləğə güvənmək lazım deyil. Yığıma müntəzəm pul əlavə etmək də yekun nəticəyə əhəmiyyətli təsir göstərə bilər.
Mürəkkəb faizdən danışarkən əsas diqqət adətən yığım və investisiyaların artmasına yönəldilir. Lakin bu mexanizm borcların artmasına da səbəb ola bilər.
Məsələn, müəyyən borclarda hesablanmış faiz ödənilmədikdə əsas borca əlavə oluna və növbəti dövrdə ümumi borc məbləği üzərindən yenidən faiz hesablana bilər. Belə olduqda borcun ümumi məbləği zamanla daha sürətlə arta bilər. Bununla belə, bütün kreditlərdə faiz eyni qaydada hesablanmır. Kreditin növü, müqavilə şərtləri, ödəniş qrafiki və faizlərin hesablanma üsulu ümumi borc xərcinə təsir edir. Ona görə də kredit götürərkən yalnız faiz dərəcəsinə deyil, ümumi geri ödəniş məbləğinə, komissiyalara və gecikmə şərtlərinə də diqqət yetirmək lazımdır.
Mürəkkəb faiz maliyyə məqsədlərinə çatmaq üçün faydalı vasitə ola bilər. Lakin onun imkanlarından səmərəli istifadə etmək üçün bir neçə vacib məqam nəzərə alınmalıdır.
1. Yığıma mümkün qədər erkən başlayın. Vaxtın çox olması faizlərin təkrar gəlir yaratması üçün daha geniş imkan verir.
2. Müntəzəm pul əlavə edin. İmkan daxilində hər ay müəyyən məbləği yığıma ayırmaq uzunmüddətli nəticəni yaxşılaşdıra bilər.
3. Faiz dərəcəsini və hesablanma qaydasını öyrənin. Eyni illik faiz dərəcəsi müxtəlif kapitallaşma şərtlərində fərqli nəticələr verə bilər.
4. Komissiya və digər xərcləri nəzərə alın. Hesabın xidmət haqqı, vergilər və digər tutulmalar faktiki gəliri azalda bilər.
5. İnflyasiyanı unutmayın. Hesabdakı pul nominal olaraq artsa da, qiymətlərin yüksəlməsi onun alıcılıq qabiliyyətini azalda bilər. Buna görə də yalnız yekun məbləğə deyil, həmin məbləğin gələcəkdə nə qədər məhsul və xidmət almağa imkan verəcəyinə də baxmaq lazımdır.
6. Gəlir zəmanətinə ehtiyatla yanaşın. Bank əmanətinin şərtləri ilə investisiya məhsullarının riskləri eyni deyil. İnvestisiyalarda gəlir dəyişə, hətta ilkin kapitalın bir hissəsi itirilə bilər. Yüksək və zəmanətli gəlir vəd edən təklifləri diqqətlə yoxlamaq vacibdir.
Mürəkkəb faizdən faydalanmaq üçün böyük məbləğlə başlamaq mütləq deyil. Erkən başlamaq, müntəzəm yığım etmək, gəliri yenidən əsas məbləğə əlavə etmək və uyğun maliyyə məhsulu seçmək vacibdir.
