Müəllif: Tamara Mustafayeva, Banco.az
Niderland Çinin yarımkeçirici istehsalçısı “Nexperia” şirkətinin ölkədəki əməliyyatlarına “ciddi idarəetmə nasazlıqları aşkar edildiyinə görə” nəzarəti ələ keçirib.
Banco.az xəbər verir ki, Niderlandın İqtisadi İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, qüvvəyə minmiş “Malların Mövcudluğu Haqqında Qanun” çərçivəsində “Nexperia” şirkətinə müdaxilə edilib.
Açıqlamada qeyd olunub ki, son dövrlərdə “Nexperia”da ortaya çıxan “ciddi idarəetmə problemləri və onlara dair təcili siqnallar” səbəbindən bu qanun tətbiq olunub.
“Bu hadisələr Niderland və Avropa ərazisində kritik texnologiyalara dair bilik və istehsal qabiliyyətinin davamlılığını təhlükə altına alırdı. Bu imkanların itirilməsi Niderland və Avropanın iqtisadi təhlükəsizliyi üçün risk yarada bilərdi. Bu qərarın məqsədi, Nexperia tərəfindən istehsal olunan malların fövqəladə vəziyyətdə istifadəolunmaz hala gəlməsinin qarşısını almaqdır,” – deyə açıqlamada vurğulanıb.
Nazirlik əlavə edib ki, “Nexperia” Avropa avtomobil sənayesində və istehlakçılara yönəlik elektron məhsullarda istifadə olunan çiplər də daxil olmaqla müxtəlif məhsullar istehsal edir və şirkətin adi istehsal fəaliyyəti davam edəcək.
Qəbul edilən tədbirin məqsədi qeyd olunan riskləri azaltmaqdır. Açıqlamada bildirilib ki, “Malların Mövcudluğu Haqqında Qanunun” tətbiqi son dərəcə istisna haldır və hökumət bu cür addımı yalnız tam zəruri hallarda atır.
Qeyd edilib ki, Niderland mərkəzli “Nexperia” şirkəti Çinə məxsus “Wingtech Technology” holdinqinə daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!