Müəllif: Tamara Mustafayeva, Banco.az
Analitiklər hesab edirlər ki, səhm bazarı üçün gələn il ümumilikdə yaxşı keçəcək.
Banco.az xəbər verir ki, bununla belə, mənzərəni hər an alt-üst edə biləcək sürprizlər və risklər də mövcuddur. “Morgan Stanley” strateqləri 2026-cı ildə bazarlara mənfi təsir göstərə biləcək üç mümkün sürprizə diqqət çəkərək, qarşıdakı ildə ortaya çıxa biləcək əsas gözlənilməz amilləri açıqlayıblar. Bankın 2026-cı il üçün ön plana çıxardığı üç böyük sürpriz bunlardır:
1. Məşğulluq olmadan məhsuldarlıq sıçrayışı
ABŞ iqtisadiyyatı inflyasiyanı cilovlayan və “Fed”in daha çox faiz endirimi etməsinə şərait yaradan, “məşğulluqsuz bərpanın” bir forması sayıla biləcək “məşğulluqsuz məhsuldarlıq artımı” ilə üzləşə bilər.
2. Səhm–istiqraz balansının yenidən dəyişməsi
Adətən səhm qiymətləri ilə istiqraz qiymətləri əks istiqamətdə hərəkət edir; riskli aktivlərdə eniş investorları istiqrazlara yönəldir.
Lakin bu münasibət 2025-ci ildə tərsinə döndü və il ərzində həm səhmlər, həm də istiqrazlar birlikdə bahalaşdı. “Morgan Stanley”ə görə bunun əsas səbəbi son dövrlərdə “pis xəbər yaxşı xəbərdir” yanaşmasının üstünlük təşkil etməsi idi. Belə ki, zəif iqtisadi göstəricilər “Fed”in faiz dərəcələrini endirəcəyi gözləntilərini gücləndirdiyi üçün səhm bazarına müsbət təsir göstərdi.
3. Əmtəə və enerji qiymətlərində kəskin artım
Enerji də daxil olmaqla əmtəə qiymətləri 2025-ci ildə güclü artım nümayiş etdirdi və bu tendensiyanın 2026-cı ildə də təkrarlanması mümkündür. Strateqlərin fikrincə, əmtəə qiymətlərini “partlada” biləcək bir sıra amillər mövcuddur.
Birinci amil ondan ibarətdir ki, “Fed” faiz endirimlərini davam etdirərkən digər mərkəzi bankların faiz dərəcələrini artırması ABŞ dollarını digər valyutalarla müqayisədə daha az cəlbedici edir və dolların dəyərinin azalmasına səbəb olur.
İkinci amil isə zəifləyən dollar və stimullaşdırıcı tədbirlərin dünyanın ən böyük nadir torpaq elementləri və qiymətli metal istehsalçılarından və istehlakçılarından biri olan Çində iqtisadi bərpanı dəstəkləməsidir. Çin eyni zamanda dünyanın ən böyük enerji istehlakçılarından biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!
