Moody`s" Azərbaycanın investisiya reytinqini təsdiqləyib | Banco.az

Moody`s" Azərbaycanın investisiya reytinqini təsdiqləyib

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini "Baa3" səviyyəsində təsdiqləyib.

Reytinq üzrə proqnoz "Müsbət"dir.

Agentlik qeyd edir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli maliyyə buferi ilə dəstəklənir ki, bu da xarici şoklara qarşı həssaslıq risklərini azaldır. Bununla yanaşı "Moody`s" vurğulayır ki, Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılı olaraq qalır.

"Müsbət" proqnoz davam edən islahatların iqtisadiyyatın karbohidrogen sektorundan iqtisadi və fiskal asılılığını daha da azalda biləcəyi barədə agentliyin fikrini əks etdirir.

Bundan əlavə, pul-kredit siyasətinin transmissiyasının, maliyyə sektorunun tənzimlənməsinin, dövlət vəsaitinin idarə edilməsinin və inzibati proseslərin şəffaflığının yaxşılaşdırılmasına yönəlmiş cari islahatlar çərçivəsində institusional baza və idarəetmənin daha da gücləndirilməsi üçün perspektivlər mövcuddur.

"Moody`s"in qiymətləndirmələrinə görə, Azərbaycanda idarəetmənin yaxşılaşdırılması, şəffaflığın və siyasətin proqnozlaşdırıla bilmə səviyyəsinin artırılmasına gətirib çıxaracaq cari və gələcək islahatların səmərəliliyi kredit reytinqinin yüksəldilməsinin əsas amilləridir.

Bundan başqa, Ermənistanla iqtisadi və diplomatik münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşması eskalasiya və geosiyasi gərginlik riskini azaldır, eləcə də Azərbaycanın kredit reytinqinə müsbət təsir göstərəcək.

"Moody's"in analitikləri hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycanın reytinqinin aşağı salınması ehtimalı azdır. Reytinqlər üzrə proqnoz makroiqtisadi mühitin pisləşəcəyi və Ermənistanla geosiyasi gərginliyin artacağı təqdirdə "Stabil"ə dəyişdirilə bilər.

report