Almaniya istilərə görə 36 milyard avro itirdi | Banco.az

Almaniya istilərə görə 36 milyard avro itirdi

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq ətraf mühit təşkilatı Greenpeace-in “Həddindən artıq yay istiliyinin Almaniyaya təsiri” adlı təhlilinə görə, ekstremal isti hava Almaniya iqtisadiyyatına ən azı 36 milyard avro zərər vurub.

Banco.az xəbər verir ki, təhlildə qeyd olunur ki, bu məbləğ ölkənin ümumi daxili məhsulunun təxminən 0,8-0,9 faizinə bərabərdir. İqtisadi itkilərin əsas səbəbləri arasında kənd təsərrüfatında məhsul itkisi, meşə yanğınları, səhiyyə xərclərinin artması və istehsalın azalması göstərilir.

Ən böyük maliyyə itkisi biznes və istehsal sektorunda qeydə alınıb. Yay aylarında təxminən 25 gün davam edən ekstremal istilər əmək məhsuldarlığının azalmasına və istehsal proseslərində fasilələrə səbəb olub. Bunun nəticəsində iqtisadiyyatın birbaşa itkiləri 10,8 milyard avro təşkil edib.

Meşə ehtiyatlarına quraqlıq və yanğınlar nəticəsində dəyən zərər isə 5-7,5 milyard avro həcmində qiymətləndirilib. Həddindən artıq isti hava ilə əlaqəli ölüm hallarının iqtisadi və səhiyyə xərcləri 6,9 milyard avro təşkil edib.

Ekstremal hava şəraiti kənd təsərrüfatına da ciddi təsir göstərib. Quraqlıq nəticəsində sektorun itkiləri 3,4 milyard avro olaraq hesablanıb. Yüksək temperaturun məktəblərdə tədrisin səmərəliliyinə təsiri nəticəsində təhsil sisteminin itkiləri isə 3,2 milyard avro təşkil edib.

Reyn çayında suyun səviyyəsinin rekord həddə düşməsi də iqtisadiyyata əlavə yük yaradıb. Çayda daxili su nəqliyyatının pozulması logistika və sənaye istehsalına 3,4-4,5 milyard avro arasında zərər vurub.

Bundan başqa, ictimai nəqliyyat infrastrukturuna dəyən zərər 1,8-3,7 milyard avro, əlavə səhiyyə xərcləri isə 1,54 milyard avro həcmində qiymətləndirilib.