Azərbaycan Mərkəzi Bankı iki ödəniş təşkilatı “Global İnnovations” MMC və “United Payment” MMC barəsində məcburi göstəriş verib.
Banco.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən “Global İnnovations” MMC-yə icrası məcburi olan göstəriş verilib.
Bildirilib ki, buna səbəb Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə müəyyən edilmiş məcmu kapitalın minimum miqdarına dair tələbin, eləcə də digər normativ tələblərin pozulması olub. Göstəriş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən verilib.
Eyni zamanda, Mərkəzi Bank tərəfindən “United Payment” MMC-də aparılan yerində yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib.
Bununla əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilib.
