Maaş artımı istəyən işçinin “bazarda bu vəzifəyə daha yüksək maaş verilir” deməsi düzgündürmü? | Banco.az

Maaş artımı istəyən işçinin “bazarda bu vəzifəyə daha yüksək maaş verilir” deməsi düzgündürmü?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əməkhaqqının artırılması işçinin karyerasında vacib məsələlərdən biri olsa da, bu barədə danışmaq hər zaman asan olmur. İşçi maaş artımı istəyərkən öz təcrübəsi və gördüyü işlə yanaşı, bazardakı əməkhaqqı səviyyəsini də əsas gətirə bilər. Bəs belə bir arqument işəgötürən qarşısında nə dərəcədə əsaslı hesab olunur?

İnsan Resursları üzrə mütəxəssis Günay Əskərova Banco.az-a açıqlamasında bildirib ki, mən bu məsələyə iki tərəfdən baxıram: 

"İşçinin bazarı bilməsi və “bu vəzifə üçün bazarda daha yüksək maaş verilir” deməsi tamamilə normaldır. Amma bu, maaş artımı üçün təkbaşına kifayət edən arqument deyil.

Azərbaycan şirkətlərində isə praktikada bəzən əməkdaşın maaşı bazardan geri qaldıqda bunu HR özü deyil, məhz əməkdaşın maaş artımı tələb etməsi üzə çıxarır. Burada HR-ın rolu daha aktiv olmalıdır. Şirkət əməkdaş demədən də bazarı izləməli, öz maaş strukturunu bazardakı maaşlarla müqayisə etməli və daxili ədaləti qoruyaraq müəyyən aralıqlarda əməkhaqqı siyasətinə baxmalıdır.

Çünki əməkdaşın “bazarda daha çox verirlər” deməsi əslində HR üçün bir xəbərdarlıqdır. Amma biz həmin məlumatı yoxlamalıyıq. Eyni vəzifə adı eyni iş demək deyil. Əməkdaşın məsuliyyəti, təcrübəsi, nəticələri, şirkətin sektoru və ölçüsü də nəzərə alınmalıdır".

G. Əskərovanın sözlərinə görə, ən düzgün yanaşma “bazarda nə qədər verirlər?” sualı ilə “bu əməkdaş şirkət üçün nə qədər dəyər yaradır?” sualını birlikdə qiymətləndirməkdir: "Əslində ədalətli maaş siyasəti də məhz bu iki tərəfin balansından yaranır. İşçi də, şirkət də bazarı bilməlidir. Amma maaş qərarı yalnız bazar rəqəminə yox, həm də yaradılan dəyərə əsaslanmalıdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram