Ötən il Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 214,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2025-ci il üzrə birbaşa xarici investisiyalarla bağlı dəqiqləşdirilmiş hesabatında bildirilib.
Azərbaycan sərmayələrin həcminə görə Gürcüstanın ikinci ən böyük investor ölkəsi olub. Azərbaycanın qonşu ölkə iqtisadiyyatına qoyulmuş ümumi xarici investisiyalardakı payı 11,3%-ə bərabər olub.
Hesabat ilində Gürcüstana ümumilikdə 1,9 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb edilib ki, bu da 2024-cü illə müqayisədə 19,3%, 2025-ci ilin ilkin göstəricisindən isə 12,5% çoxdur. Qonşu ölkənin əsas investor ölkəsi 426,6 milyon ABŞ dolları ilə Böyük Britaniya olub, üçüncü yerdə isə 202,4 milyon ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
2025-ci ildə ən çox investisiya yönəldilmiş sektorlar maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlak, ticarət, istehsal, nəqliyyat, informasiya və kommunikasiya, energetika, su təchizatı, peşəkar, elmi və texniki fəaliyyətlər, incəsənət, əyləncə və istirahət sahələri olub.
