Müəllif:Gülbəniz Hüseynli/Banco.az
İş axtarma prosesi bir çox insan üçün çətin və stresli bir mərhələdir. Xüsusilə də yeni bir mühitə düşənlər və ya xaricdən qayıdanlar üçün bu proses daha da mürəkkəbləşir. Təcrübələr göstərir ki, bir çox namizədlər bəzi əsas səhvlərə yol verdikləri üçün iş tapmaq şanslarını əldən verirlər.
Banco.az xəbər verir ki, mütəxəssis Kamal Mahmudov bu mövzuda iş axtaranların yol verdiyi səhvləri qeyd edərək, onların uğuruna necə mane olduğunu izah edib. Mütəxəssis qeyd edib ki, namizədlər tez-tez eyni CV-ni müxtəlif şirkətlərə göndərirlər ki, bu da işəgötürənlərə müraciət edərkən fərqlənməməklərinə səbəb olur. Halbuki hər vakansiya fərqlidir və CV-nin həmin vakansiyanın tələblərinə uyğun şəkildə fərdiləşdirilməsi vacibdir:
“Digər geniş yayılmış səhv ilkin mərhələdə maaş barədə soruşmaqdır. İşəgötürənlər namizədin əvvəlcə öz bacarıq və dəyərlərini göstərməsini gözləyirlər. Maaş müzakirəsi daha sonra aparılmalıdır. Bundan əlavə, namizədlərin bir çoxu müsahibəyə hazırlıqsız gedir və şirkət haqqında heç bir araşdırma aparmır. Bu, onların motivasiyasının və ciddi yanaşmasının şübhə altına alınmasına səbəb ola bilər.
Bundan başqa, şəxsi əlaqələrə - yəni networkingə önəm verməmək iş tapmaqda ciddi bir maneəyə çevrilə bilər. Vakansiyaların 70%-i açıq elan olunmur və “gizli bazar”da qalır. Bu səbəbdən də əlaqələr qurmaq və peşəkar dairəni genişləndirmək iş tapmaqda böyük rol oynayır”.
Mütəxəssis qeyd edib ki, LinkedIn profilinin yenilənməməsi də iş tapmaqda ciddi bir çatışmazlıq hesab edilir. İşəgötürənlər və HR mütəxəssisləri aktiv namizədləri məhz bu platforma üzərindən axtarırlar:
“Profilin aktual və dolğun olması, namizədin şanslarını xeyli artırır. Bununla yanaşı, soft skill-lərə əhəmiyyət verməmək də bir çox namizədin karyera yüksəlişinə mane olur. Texniki biliklər işə qəbul üçün vacib olsa da, yumşaq bacarıqlar uzunmüddətli uğur üçün daha əhəmiyyətlidir.
Namizədlərin iş tapmaqda buraxdığı digər bir səhv yalnız “ideal iş”i gözləməkdir. Halbuki iş təcrübəsi qazanmaq, yeni əlaqələr yaratmaq və bacarıqları inkişaf etdirmək üçün fərqli iş imkanlarını da dəyərləndirmək lazımdır. Bununla yanaşı, müsahibədən sonra təşəkkür mesajı göndərməmək də işəgötürən qarşısında müsbət təsir bağışlamamaq deməkdir. Kiçik, lakin təsirli bir addım olan təşəkkür mesajı göndərmək müsahibədən sonra namizədin peşəkarlığını nümayiş etdirir”.
Portfoliosuz iş axtarmağın da digər bir səhv olduğunu vurğulayan Kamal Mahmudov qeyd edib ki, işəgötürənlər namizədlərin bacarıqlarını və iş təcrübəsini görmək istəyirlər:
“Portfolio hazırlamaq və namizədin işlərini vizual şəkildə nümayiş etdirmək onun iş tapmaq şansını artırır. Eyni zamanda, imtinalardan ruhdan düşmək də iş axtarışı prosesində yayılmış bir səhvdir. Hər “yox” cavabı namizədi daha uyğun bir “bəli”yə yaxınlaşdırır. Bu səbəbdən, imtinalardan dərs çıxarıb axtarışa davam etmək vacibdir.İş dünyası daim dəyişir və bazarın tələblərinə uyğunlaşmaq üçün yeni biliklər əldə etmək və inkişaf etmək vacibdir.Bu səhvlərdən qaçaraq iş axtarma prosesini daha effektiv etmək mümkündür”.