İran neft ixracını tamamilə dayandırdı | Banco.az

İran neft ixracını tamamilə dayandırdı

Müəllif:Mehin Qasımova,Banco.az

İran xarici bazarlara neft ixracını demək olar ki, tamamilə dayandırıb.

Banco.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemmati açıqlama verib.

Hemmati bildirib ki, hazırkı şəraitdə ölkənin neft ixracı “praktiki olaraq dayanıb”. O, bununla belə, Mərkəzi Bankın əvvəlcədən həyata keçirdiyi planlaşdırmanın İranın mövcud vəziyyətə hazırlıqlı olmasına imkan verdiyini və ölkənin hazırda kifayət qədər valyuta ehtiyatına malik olduğunu deyib.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, o, İranın Ali Lideri Mojtaba Xameneiyə ünvanladığı məktubda da ölkədə zəruri malların və dərmanların təminatı ilə bağlı narahatlığa əsas olmadığını bildirib. Hemmati qeyd edib ki, bu məhsulların tədarükü hökumət və Mərkəzi Bank tərəfindən təmin edilir.

İranın neft ixracının kəskin azalması ölkənin xarici valyuta gəlirlərinə ciddi təsir göstərə bilər. Tehran neft satışlarından əldə olunan gəlirləri əsasən idxalın maliyyələşdirilməsi və valyuta tələbatının qarşılanması üçün istifadə edir.

Bununla yanaşı, İranın neft gəlirlərinin son aylarda tamamilə kəsilmədiyi də açıqlanan məlumatlardan görünür. İran Neft Nazirliyinin məlumatına görə, martın 21-dən iyulun 22-dək ölkənin neft satışlarından əldə etdiyi gəlir 11 milyard dolları ötüb.

Hemmati tərəfindən verilən son açıqlama isə mövcud vəziyyətdə xarici bazarlara tədarükün ciddi şəkildə məhdudlaşdığını göstərir. Neft ixracının nə qədər müddətə dayanacağı və bunun İranın iqtisadiyyatına, eləcə də dünya enerji bazarına təsirinin miqyası isə hələlik məlum deyil.