Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Hazırda qızıl ən etibarlı yatırım vasitələrindən biri hesab olunur. Bunun səbəbi, qlobal iqtisadiyyatda qeyri-sabitlik, siyasi böhranlar və digər mənfi hallar zamanı qızılın sabitliyini qoruyub saxlamasıdır”.
Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib. Mütəxəssis qeyd edib ki, adətən böhranlı vəziyyətlərdə dünya iqtisadiyyatının aparıcı ölkələri, şirkətləri və investorları sərmayələrini qızılda saxlamağı üstün tuturlar:
“Çünki qızıl universal bir qiymətli metaldır və böhranlı dövrlərdən sonra istənilən valyutaya çevrilə bilər. Bu da onu maliyyə ehtiyatlarını qorumaq və öhdəlikləri yerinə yetirmək üçün əvəzolunmaz edir.
Son illərdə qızılın qiymətinin davamlı artmasının əsas səbəbləri arasında üç ildir davam edən bu müharibə dünya iqtisadiyyatında qeyri-müəyyənliyə səbəb olub. Pandemiyadan sonra dünya iqtisadiyyatında başlayan stabilləşmə prosesi bu müharibə ilə pozulub. Bu da qlobal maliyyə bazarlarında başlayan qeyri-müəyyənliyin yaranmasına səbəb oldu. Nəticədə, aparıcı valyutaların məzənnələri, strateji məhsulların bazar qiymətləri qeyri-sabitlik nümayiş etdirir”.
Hazırda ehtiyatların qızılda saxlanılması məsələsinə toxunan ekspert qeyd edib ki, dünya ölkələri valyuta ehtiyatlarının böyük hissəsini qızılda saxlamağa üstünlük verir, bu isə qızılın qiymətinə birbaşa təsir edir. Bu səbəblər qızılın rekord qiymətlərə çatmasına səbəb olub və onun maliyyə bazarlarında önəmini artırıb.
Qızıl və kriptovalyutanın investisiya baxımından müqaisəsi məsələsinə toxunan ekspertin sözlərinə görə, belə halda qızılın üstünlüyü danılmazdır:
“Qızıl oturuşmuş maliyyə aləti kimi tarixi etibarlılığını qoruyur. Kriptovalyutaların isə qiyməti tez-tez kəskin şəkildə dəyişir və bu, onların etibarlı investisiya vasitəsi kimi qəbul edilməsini çətinləşdirir. Kriptovalyutalar gələcəkdə maliyyə bazarlarında daha mühüm rol oynaya bilsələr də, hazırda aparıcı valyuta və ya maliyyə aləti statusuna malik deyillər.
Məsələn, qızılın qiymətinin birdən-birə kəskin şəkildə artıb sonra sürətlə ucuzlaşması nadir hallarda müşahidə olunur. Eyni qayda aparıcı valyutalara, məsələn, ABŞ dollarına da aiddir. Onun məzənnəsinin qısa müddətdə kəskin yüksəlməsi və daha sonra sürətlə dəyər itirməsi də çox nadir hallarda baş verir. Bu, qızılın və əsas valyutaların oturuşmuş maliyyə alətləri olması ilə izah edilir. Onlar uzun müddət ərzində dayanıqlılıq və etibarlılıq nümayiş etdiriblər.
Digər tərəfdən, elektron pul nişanları və kriptovalyutalar kimi maliyyə vasitələri hələ ki, belə sabitliyə malik deyillər. Onların qiymətləri tez-tez və kəskin şəkildə dəyişir. Gələcəkdə, ola bilsin, 10-15 ildən sonra bu alətlər daha mühüm maliyyə vasitələrinə çevrilə bilər. Lakin hazırda onların oturuşmuş maliyyə aləti statusu yoxdur və sabitlik baxımından qızıl və əsas valyutalarla müqayisə oluna bilməz”,- deyə Pərviz Heydərov qeyd edib.