Müəllif: Gülnar Əhmədli, Banco.az
Artıq yay mövsümü yaxınlaşır. Havalar isinib. Hava isinən kimi insanlar istirahət üçün yerlər seçməyə başlayırlar. Bu il necədir? Hansı ərazilərə gedənlər daha çoxdur?
Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev sualımızı cavablandırıb.
Ekspert Banco.az-a bildirib ki, havaların isinməsi ilə əlaqədar turizm sektorunda artıq ciddi canlanma müşahidə olunur:
"Yaz və yay mövsümünün başlanması ilə insanlar istirahət planlarını aktiv şəkildə qurmağa başlayırlar və bu da turizm bazarında hərəkətliliyi artırır. Xüsusilə məktəb tətili, bayram günləri və yay məzuniyyətlərinin yaxınlaşması səfərlərə marağı daha da yüksəldir.
Hazırda ən çox tələbat görən istiqamətlər arasında Türkiyə ön sıralardadır. Antalya, Bodrum və Alanya kimi dəniz turizmi bölgələri ən çox seçilən məkanlar sırasındadır. Eyni zamanda Misir və Gürcüstan istiqamətlərinə də maraq davam edir. Son dövrlərdə Avropa ölkələrinə – İtaliya, İspaniya, Yunanıstan və Monteneqro kimi yay turizmi məkanlarına da sifarişlərin artdığı müşahidə edilir".

R. Quliyevin sözlərinə görə, daxili turizmdə də hərəkətlilik hiss olunur: "Azərbaycanın bölgələrinə – xüsusilə Qəbələ, Şəki, Quba və Naftalan istiqamətlərinə maraq artır. İnsanlar həm qısa həftəsonu istirahətləri, həm də ailəvi səfərlər üçün bu məkanları daha çox seçirlər.
Ümumilikdə demək olar ki, havaların istiləşməsi turizm sektoruna birbaşa təsir edir və qarşıdakı aylarda səfərlərin sayının daha da artacağı gözlənilir".
Bizi sosial şəbəkələrdən izləyin!!
