Ucuz tur paketləri seçməzdən əvvəl nəyə diqqət etmək lazımdır? | Banco.az

Ucuz tur paketləri seçməzdən əvvəl nəyə diqqət etmək lazımdır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Sərfəli qiymətə səyahət etmək istəyənlər bəzən gözlədiklərindən daha böyük problemlərlə üzləşirlər. Xüsusilə sosial şəbəkələrdə bazar qiymətindən xeyli ucuz təklif olunan tur paketləri ilk baxışdan cəlbedici görünsə də, onların arxasında dələduzluq halları dayana bilər. Bəs ucuz tur təklifinin həqiqətən sərfəli olduğunu, yoxsa dələduzluq məqsədi daşıdığını necə müəyyən etmək olar? Tur paketi alarkən hansı məqamlara diqqət yetirmək və mümkün maliyyə itkilərindən necə qorunmaq lazımdır?

Turizm eksperti Ceyhun Aşurov Banco.az-a açıqlamasında bildirib ki, turizm şirkətləri bəzən rəqabət aparmaq məqsədilə daha aşağı qiymətlər təklif edirlər: "Lakin kəskin ucuz qiymət hər zaman tur paketinin real dəyərini əks etdirməyə bilər. Son dövrlərdə dələduzluq halları ilə də rastlaşırıq. Xüsusilə sosial şəbəkələrdə eyni tur paketinin bazar qiymətindən xeyli ucuz təqdim olunması, ödənişin bank kartı vasitəsilə tələb edilməsi və guya son yerlərin qaldığı bildirilərək müştərinin tələsdirilməsi şübhə doğuran hallardır".

"Ona görə də tövsiyə olunur ki, vətəndaşlar eyni tur paketinin qiymətini bir neçə şirkətdə araşdırsınlar. Təkliflər arasında kəskin qiymət fərqi varsa, daha diqqətli davransınlar. Tur paketinin ödənişini şirkətin ofisinə yaxınlaşaraq rəsmi şəkildə etmək və müqavilə əldə etmək də vacibdir.

Müqavilə vasitəsilə turun şərtlərini, sığorta məsələlərini və digər vacib detalları əvvəlcədən dəqiqləşdirmək mümkündür. Çünki bəzi hallarda turistlərə müqavilənin bütün şərtləri və sığorta ilə bağlı məlumatlar ətraflı izah edilmir. Buna görə də tur seçərkən yalnız qiymətə əsaslanmamaq, təklifin etibarlılığını və müqavilə şərtlərini də diqqətlə yoxlamaq lazımdır", - deyə ekspert əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram