Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) ilin sonuna qədər Ukraynaya əlavə 45 milyard avro maliyyə dəstəyi ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, 2027-ci ildə Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması üçün yeni kreditin ayrılması nəzərdə tutulur. Aİ bununla yanaşı, Kanada və Böyük Britaniyanı da maliyyə dəstəyini artırmağa təşviq etməyə çalışır.
Lakin bu planın Avropa ölkələri arasında fikir ayrılıqlarını dərinləşdirə biləcəyi bildirilir. Xüsusilə, Aİ-nin növbəti yeddiillik büdcəsi ilə bağlı danışıqlar fonunda Ukraynaya əlavə vəsait ayrılması müzakirələrə səbəb olur.
Nəşrin mənbələrindən biri bildirib ki, Ukraynaya maliyyə dəstəyi ayrıldığını, eyni zamanda Avropa vətəndaşlarına yönələn bəzi xərclərin azaldılmalı olduğunu ictimaiyyətə izah etmək siyasi baxımdan çətin ola bilər.
Çexiya və Slovakiya nümayəndələri artıq Avropa Şurasının iclasında nəzərdə tutulan kreditdə iştirak etməyi planlaşdırmadıqlarını bildiriblər. Nəşrin danışdığı diplomatların sözlərinə görə, Macarıstanın da bu mövqeyə qoşulacağı gözlənilir.
Məsələnin noyabrın 26-da keçiriləcək Aİ liderlərinin görüşündə müzakirə olunacağı bildirilir.
