Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal bazarlarda gümüşün qiyməti kəskin dalğalanmalar fonunda yenidən yüksəlir.
Banco.az xəbər verir ki, Nyu-York Ticarət Birjasının bölməsi olan Comex platformasında gümüş fyuçersləri troya unsiyası üçün 80 dollar həddini keçərək rekord səviyyələrə yaxınlaşıb. Ticarət məlumatları qiymətli metalın qiymətində ciddi artımı təsdiqləyir.
May ayı üzrə gümüş müqavilələri martın 18-dən bəri ilk dəfə bu qədər yüksək səviyyəyə qalxıb. Son əməliyyatlarda qiymət 0,98% artaraq troya unsiyası üçün 80,315 dollara çatıb.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdə artan geosiyasi gərginlik qızıl və gümüş kimi “təhlükəsiz liman” aktivlərinə tələbi artırıb. Martın əvvəlində gümüşün qiyməti 5,81% yüksələrək 89,43 dollara qədər qalxsa da, daha sonra fevralın 5-dən bəri ilk dəfə olaraq 65 dollara enmişdi.
Mütəxəssislər hesab edir ki, geosiyasi risklərin davam etməsi və investorların təhlükəsiz aktivlərə yönəlməsi qısa müddətdə qiymətlərin yüksək səviyyədə qalmasına səbəb ola bilər.
