Fransada inflyasiya son 7 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Fransada inflyasiya son 7 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada inflyasiya son 7 ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Fransa Statistika Ofisinin məlumatlarına görə, ölkədə istehlakçı qiymətləri illik əsasda 0,7% artıb. Noyabr ayında bu göstərici 0,8% olmuşdu. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri də bu istiqamətdə idi.

Dekabr ayına dair göstəricilər enerji xərclərində daha kəskin azalma olduğunu ortaya qoyarkən, xidmət inflyasiyası dəyişməyərək 2,2% səviyyəsində qalıb.

Fransada qiymət artımları bir ildən artıqdır ki, 2% səviyyəsindən aşağı müşahidə olunur, digər ölkələrdə isə bu göstəricilər daha yüksəkdir. Çərşənbə günü açıqlanacaq Avrozonanın dekabr ayı inflyasiya göstəricilərinin inflyasiyanın tam olaraq Avropa Mərkəzi Bankının hədəfi səviyyəsində olduğunu göstərməsi gözlənilir.

Avropa Mərkəzi Bankı 2025-ci ilin son iclasında inflyasiyanın hədəfə yaxın səviyyədə qalmasını əsas gətirərək uçot dərəcəsini dəyişməz saxlamışdı. Bank ötən ilin iyun ayından bəri faiz dərəcələrində dəyişiklik etməyib. Əksər analitiklər monetar yumşalma dövrünün başa çatdığı qənaətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram