Fikrət Yusifov
“Ekonomiks” BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor
Gürcüstanın büdcəsini özünə istinad nöqtəsi seçənlər bilsinlər ki, 2015-ci ilə Gürcüstanın dəqiqləşdirilmiş Dövlət büdcəsinin gəlirləri dollar ifadəsində 3,2 milyardır ki, bu da bizim 2015-ci illə müqayisədə 2016-cı il üçün 25,1% azaldılmış Dövlət büdcəmizin dollar ifadəsində olan gəlirlərindən 4,3 dəfədən, Neft Fondundan 6,0 milyard manat transfer nəzərə alınmadan yerdə qalan büdcəmizdən isə 2,5 dəfə azdır.
Dediklərimizin daha aydın olması üçün digər müqayisələr də göstərə bilərik. Məsələn, Azərbaycanın 2016-cı il üçün büdcəsinin gəlirləri əhalisinin sayı bizim əhalinin sayından 20 dəfə çox olan nüvə dövləti Pakistanın büdcəsinin gəlirlərindən cəmisi 2,6 dəfə azdır. Əhalisi əhalimizdən 3,3 dəfə çox olan Özbəkistanın büdcəsinin gəlirləri bizim büdcənin gəlirlərindən azdır. Yaxud başqa bir misal. Əhali və ərazi baxımından bizə yaxın olan Serbiyanın Dövlət büdcəsinin gəlirləri bizim 2016-cı il büdcəmizin gəlirlərindən 1,7 dəfə aşağıdır. Təbii ki, bu müqayisələrin sırasını genişləndirmək də olar.
Gələn ildə büdcənin xərcləri 4,8 milyard manat və ya 22,9% azalıb. Lakin buna baxmayaraq, sosial təyinatlı xərclərin artımı proqnozlaşdırılır ki, bu da ölkə rəhbərliyinin sosial məsələlərin həllinə olduqca ciddi diqqət ayırmasının göstəricisi kimi qəbul edilməlidir. Rəqəmlərə diqqət edək: Sosial yönümlü xərclərin keçən ilin büdcəsi ilə müqayisədə 8,6%, cari ilin proqnoz göstəricilərinə nisbətən isə 0,7% artımı nəzərdə tutulur. Eyni zamanda, büdcədən elm, təhsil, sosial müdafiə-sosial təminat, mədəniyyət və idman tədbirlərinə xərclərin 2015-ci illə müqaisədə 2,2% artımı proqnozlaşdırılır. Ümumiyyətlə, Neft Fondundan 6000,0 milyon manat transferti nəzərə almasaq belə büdcənin gəlirləri (8504,0 milyon manat) onun sosialyönlü xərclərindən (5867,9 milyon manat) 2636,1 milyon manat və ya 44,9% çoxdur.
Büdcə xərclərimiz haqqında daha dolğun təsəvvür yaratmaq üçün onları bir qədər də detallaşdıra bilərik. Məsələn, Azərbaycanın 2016-cı il üçün xərcləri azalmış büdcəsində (2015-ci illə müqayisədə 22,9%) bir adama düşən xərc 1615 ABŞ dolları təşkil edir. Pakistanda bu rəqəm 218 dollardır - Azərbaycanda olduğundan 7,4 dəfə az. Özbəkistanda bu rəqəm 477 dollar təşkil edir. Yəni bizdəkindən 3,4 dəfə az. Bu xüsusda Serbiya da bizdən geridədir. Bu ölkənin büdcəsində adambaşına düşən xərc 1427 dollardır ki, bu da bizdəkindən 13,1% azdır.
Biz bu müqayisələrlə oxucularımızda “Başqa ölkələrdə necədir?” sualına müvafiq müəyyən təsəvvürlər yaratmağa çalışdıq. Təbii ki, bu gün heç kəs Azərbaycanı onilliklər boyu ciddi iqtisadi inkişaf yolu keçmış və buna uyğun əsaslı sənaye və kənd təsərrüfatı potensialına malik Avropa ölkələri ilə müqayisə etmək fikrində deyil.
Lakin əsas olan odur ki, Azərbaycan hökuməti belə inkişaf yolunu özü üçün seçib və bunun da nəticəsində son illər ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafına nail ola bilib. Təbii ki, müəyyənləşdirilmiş böyük hədəflərə çatmaq üçün bir qədər zamana ehtiyac var. Qarşıdakı illərdə bizim əlimizdə kifayər qədər əsas olacaq ki, Azrbaycanı Avropa ölkələrinin hamısı il müqayisə edə bilək.
Sonda tam əminliklə deyə bilərik ki, dünyada baş verən iqtisadi təlatümlər fonunda Azərbaycanın 2016-cı il dövlət büdcəsi bütün reallıqları özündə əks etdirə bilib.
Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan reallıqları (I hissə)
mənbə: trend.az