Fed-in faiz dərəcəsi qərarından əvvəl fikir ayrılıqları var | Banco.az

Fed-in faiz dərəcəsi qərarından əvvəl fikir ayrılıqları var

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (Fed) gələn həftə — 9–10 dekabrda keçiriləcək ilin son pul siyasəti toplantısına məhdud məlumatla hazırlaşır.

Banco.az xəbər verir ki, rəsmilər arasında fikir ayrılıqlarına baxmayaraq, 25 baza bəndlik faiz endirimi gözlənilir.

Fed, oktyabr ayında elan etdiyi 25 baza bəndlik faiz azaldılmasından sonra ilin son toplantısında əsas faiz dərəcəsinə dair növbəti qərarını verəcək.

Fed-in oktyabr iclasında verilən 25 baza bəndlik endirim qərarı 10 lehinə, 2 əleyhinə səslə qəbul olunmuşdu.

İdarə Heyətinin üzvü Stefan Miran 50 baza bəndlik endirim çağırışı edərkən, Kansas Siti Fed-in rəhbəri Ceffri Şmid faizin sabit saxlanmasını müdafiə edib.

"Şahin" üzvlər qiymət sabitliyini əsas gətirərək faiz endiriminə qarşı çıxır, “göyərçin” üzvlər isə zəifləyən əmək bazarına diqqət çəkərək endirimlərin davam etməsini tələb edirlər. İclas protokolları da rəsmilərin faiz endirimi məsələsində açıq şəkildə fikir ayrılığı yaşadığını göstərir.

Analitiklər bildirirlər ki, bu fikir ayrılığı pul siyasəti perspektivində qeyri-müəyyənlik yaradır və qərarın oybirliyi ilə qəbul olunma ehtimalı aşağıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram