Müəllif:Mehin Qasımova,Banco.az
FIFA 2026 futbol üzrə dünya çempionatına sayılı aylar qalarkən, yeni bilet qiymətləri ciddi narazılıq yaradıb.
Banco.az xəbər verir ki, FIFA tərəfindən satışa çıxarılan biletlərə əsasən, final oyunu üçün ən yüksək kateqoriyalı biletin qiyməti 10 990 dollara çatıb.
Bu, əvvəl açıqlanan 8 680 dollarla müqayisədə xeyli artım deməkdir və FIFA Dünya Kuboku 2022 finalının 1 600 dollarlıq maksimum qiymətini dəfələrlə üstələyir.
Qiymət artımının əsas səbəbi kimi ilk dəfə tətbiq edilən dinamik qiymət modeli göstərilir. Bu sistemə görə, biletlərin qiyməti tələbatdan asılı olaraq dəyişir. Nəticədə digər kateqoriyalarda da ciddi bahalaşma qeydə alınıb.
Qərar təkcə azarkeşlərin deyil, siyasətçilərin də narazılığına səbəb olub. ABŞ Konqresinin 69 demokrat üzvü FIFA prezidentinə məktub göndərərək bu siyasətin futbolun əlçatanlıq prinsipinə zidd olduğunu bildiriblər.
Bununla yanaşı, bilet satış sistemi də tənqid olunur. Azarkeşlər texniki problemlər və qeyri-şəffaf seçim imkanları səbəbindən biletləri əldə etməkdə çətinlik çəkdiklərini deyirlər.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi turnir 11 iyunda start götürəcək, final isə 19 iyulda Nyu-Cersi ştatında keçiriləcək.
