Müəllif:Mehin Qasımova,Banco.az
Bazar ertəsi günü qlobal neft bazarında qiymətlərdə ciddi dəyişiklik qeydə alınmayıb.
Banco.az xəbər verir ki, investorlar ABŞ və İran arasında danışıqların ikinci raundunun nəticələrini gözlədiyi üçün bazarda ehtiyatlı mövqe üstünlük təşkil edir.
Brent markalı neftin aprel fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,04 dollar (0,06%) artaraq 67,79 dollar/barel təşkil edirdi. Cümə günü Brent markalı neftin qiyməti 0,23 dollar (0,34%) artaraq 67,75 dollar/barel təşkil edib.
Bu vaxta qədər Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti 0,03 dollar (0,05%) artaraq bir barel üçün 62,92 dollara çatmışdı. Əvvəlki sessiyada müqavilə 0,05 dollar (0,08%) artaraq bir barel üçün 62,89 dollara çatmışdı.
Xatırladaq ki, Vaşinqton və Tehran arasında danışıqların ilk mərhələsi fevralın əvvəlində Omanda baş tutub. Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər. Məlumatlara görə, ABŞ İranın raket proqramı və Yaxın Şərqdəki fəaliyyətlərini də əhatə edən geniş gündəmdə israr edir. Tehran isə yalnız nüvə proqramının müzakirəsinə hazır olduğunu bildirib.
Danışıqların növbəti mərhələsinin çərşənbə axşamı Cenevrədə keçirilməsi gözlənilir.
IG analitiki Toni Sycamore bildirib ki, tərəflərin əsas “qırmızı xətlərindən” geri çəkilməsi ehtimalı zəifdir və hazırkı vəziyyət “fırtınadan əvvəlki sakitlik” kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, Amerika mediasında yayılan məlumatlara görə, ABŞ diplomatik səylər nəticə vermədiyi təqdirdə İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşa bilər. Bildirilir ki, Pentaqon yalnız sürətli zərbə deyil, davamlı kampaniya aparmaq imkanlarını da nəzərdən keçirir.
Digər tərəfdən, OPEC+ ölkələrinin üç aylıq fasilədən sonra aprel ayında hasilat artımını bərpa etməyə meylli olduqları bildirilir. Alyans yay mövsümündə ənənəvi tələb artımına ümid edir.
Beləliklə, neft bazarında qiymətlər hələlik sabit qalsa da, ABŞ-İran münasibətləri və OPEC+ qərarları yaxın günlərdə volatilliyi artıra bilər.
