Dünya Bankı beynəlxalq maliyyə institutudur. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir və hazırda 184 üzvü var.
Dünya Bankı İnkişaf etməkdə olan dövlətləri kreditlə təmin edir. Bu kreditlərin əsas səbəbi yoxsulluğun aradan qaldırılması və bir sıra iqtisadi proqramların həyata keçirilməsidir. Beləliklə, Dünya Bankı İnkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir.
Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.
Dünya Bankında üzv dövlətlərdən biri olmaq üçün müəyyən bir paya sahib olmaq lazımdır. Üzv ölkələr Dünya Bankında paya görə aşağıdakı yollarla ödəmə həyata keçirirlər:
- Ayrılmış səhmin 2%-i qızıl, ABŞ dolları və SDR (Special Drawing Rights) ilə ödənir
- Hər üzv ölkə səhm kapitalının 18%-ini öz milli valyutası ilə ödəməkdə azaddır.
- Üzv dövlət tərəfindən alınan səhmə görə qalan 80% ödəmə Dünya Bankının tələbinə görə ödənilir.
Bank yaradılarkən ilkin məqsədi İkinci Dünya Müharibəsində dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bu bankı digər banklardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu bankda heç bir kəs hesab aça bilməz.Bu bankın müştəriləri yalnız dövlətlərdir.
Dünya Bankının əsas funksiyaları bunlardır:
- Yenidənqurma və inkişaf kreditinin verilməsi
- Hökumət və özəl sektorun kreditlə təmin olunması
- Xarici investisiyanın dəstəklənməsi
- Texniki, iqtisadi və valyuta məsləhətlərinin verilməsi
- Sənayenin inkişafına dəstək olmaq
Dünya Bankı aşağıdakı 5 bir-birinə bağlı təşkilatdan ibarətdir:
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)
- Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)
- Beynəlxalq Maliyyə Korporasiyası (BMK)
- Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA)
- İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəz