Çinin xarici ticarət profisiti 1 trilyon dollara yaxınlaşır | Banco.az

Çinin xarici ticarət profisiti 1 trilyon dollara yaxınlaşır

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin xarici ticarət profisiti 2026-cı ilin ilk doqquz ayında 938 milyard dollara çatıb. Sentyabr ayında ixracın gözləniləndən daha sürətli artması ölkənin ötən il qeydə aldığı illik rekordu yeniləyə biləcəyi ehtimalını gücləndirib.

Banco.az xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin açıqladığı məlumatlara görə, ölkənin ixracı sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 36% artıb. Bu, fevral ayından bəri qeydə alınan ən yüksək artım göstəricisidir. Avqust ayında ixrac 25% artmışdı. Sentyabrda idxal isə illik müqayisədə 31% yüksəlib.

Sentyabr ayında Çinin xarici ticarət profisiti 133,5 milyard dollara çatıb.  İlin əvvəlindən bəri toplanan profisitin həcmi Çinin oktyabr ayında 1 trilyon dollarlıq həddi keçə biləcəyini göstərir. Ölkə bu səviyyəyə ötən ilin noyabrında çatmışdı.

ABŞ Prezidenti Donald Trampın başlatdığı tarif müharibəsi Çinin qlobal ticarət əlaqələrindəki disbalansı daha da dərinləşdirib. ABŞ bazarında yaranan maneələr fonunda Çin şirkətləri yeni ixrac istiqamətləri axtarmağa başlayıblar. Bununla yanaşı, süni intellekt xidmətlərinə və yarımkeçirici çiplər kimi texnoloji məhsullara artan qlobal tələbat da ixracın genişlənməsini dəstəkləyib.

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, istiqamətini dəyişən ticarət axınlarının təxminən yarısı Asiyanın inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarına, beşdə biri isə Avropa İttifaqına yönəlib.

Beləliklə, Çinin xarici ticarət profisitinin artması ölkənin qlobal ixracdakı mövqeyini gücləndirsə də, artımın əsasən texnoloji məhsullar hesabına təmin olunması ixrac sektorları arasında fərqlərin dərinləşdiyini göstərir.