Avrozonada yeni borc böhranı təhlükəsi: Fransa ilə bağlı xəbərdarlıq | Banco.az

Avrozonada yeni borc böhranı təhlükəsi: Fransa ilə bağlı xəbərdarlıq

Müəllif:Mehin Qasımova,Banco.az 

Franklin Templeton investisiya şirkəti Fransanın dövlət istiqrazlarının satışının Avrozonada yeni borc böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki,şirkətin sabit gəlirli aktivlər üzrə qlobal investisiya direktoru Sonal Desai mümkün böhranın 2010-cu illərdəki Avropa borc böhranından daha ağır ola biləcəyini bildirib.

Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi ilə Almaniya istiqrazları arasındakı fərq çərşənbə axşamı 1,5 faiz bəndini ötüb. Bu, 2012-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək səviyyədir və investorların Fransa borcuna dair narahatlığının artdığını göstərir.

Fransanın iqtisadiyyatı təxminən 3 trilyon avro, dövlət borcu isə 3,6 trilyon avro həcmində qiymətləndirilir. Desai qeyd edib ki, Fransanın borc miqyası əvvəlki böhranda Yunanıstanın üzləşdiyi vəziyyətdən xeyli böyükdür və belə bir böhranın aradan qaldırılması daha çətin ola bilər.

Bununla belə, Fransa investisiya dərəcəli kredit reytinqini qoruyur, Avropa banklarının kapital mövqeləri isə əvvəlki böhran dövrü ilə müqayisədə daha güclüdür. Avropa Mərkəzi Bankının bazar dəyişkənliyini idarə etmək imkanları da riskləri məhdudlaşdıra biləcək amillər sırasındadır.

Franklin Templetonun qiymətləndirməsinə görə, investorlar Avrozonada mümkün dəyişkənlik riskini nəzərə almalıdırlar. Lakin yeni borc böhranının baş verəcəyi dəqiq deyil.Bu, şirkətin mövcud vəziyyətlə bağlı xəbərdarlıq ssenarisidir.