Müəllif:Mehin Qasımova,Banco.az
Çində doğum nisbətinin 2025-ci ildə hər min nəfərə 5,63-ə düşəcəyi proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, bu göstərici 1949-cu ildə milli statistika qeydlərinin aparılmağa başlanmasından bəri ən aşağı səviyyə hesab olunur. Milli Statistika Bürosunun (NBS) açıqladığı 2025-ci il əhali məlumatları ölkənin dərin və uzunmüddətli demoqrafik dəyişiklik mərhələsinə daxil olduğunu göstərir.
Rəsmi proqnozlara görə, 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfər olan Çinin materik hissəsinin əhalisi 2025-ci ildə 1 milyard 404 milyon 890 min nəfərə enəcək. Beləliklə, əhali bir il ərzində 3,39 milyon nəfər azalacaq. Bu, son üç ildə müşahidə olunan azalma tendensiyasının davamı deməkdir.
Qeyd edək ki, Çin əhalisi ilk dəfə 2022-ci ildə – 1960-cı illərin əvvəllərindəki aclıq dövründən sonra – azalmağa başlamışdı. Həmin il uzunmüddətli demoqrafik geriləmənin başlanğıcı kimi qiymətləndirilir.
2025-ci ildə Çində 7,92 milyon körpənin dünyaya gələcəyi gözlənilir. Bu, 2024-cü ildə qeydə alınan 9,54 milyon doğumla müqayisədə 16,9 faiz azalma deməkdir. 2024-cü ildə hər min nəfərə 6,77 olan doğum nisbəti 2025-ci ildə 5,63-ə enərək tarixi minimuma düşüb.
Eyni zamanda ölüm göstəricilərində artım müşahidə olunur. 2025-ci ildə ölkə üzrə 11,31 milyon ölüm hadisəsinin qeydə alınacağı proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 3,4 faiz çoxdur. Ölüm nisbəti hər min nəfərə 7,76-dan 8,04-ə yüksəlib. Nəticədə əhalinin təbii artım tempi mənfi 2,41 promil təşkil edib.
Əhalinin cins bölgüsünə görə, kişilərin sayı 716,85 milyon, qadınların sayı isə 688,04 milyon nəfərdir. Yaş strukturunda isə ciddi dəyişikliklər diqqət çəkir.
16–59 yaş arası “işlək yaş” əhali 851,36 milyon nəfər olmaqla ümumi əhalinin 60,6 faizini təşkil edir. 60 yaş və yuxarı əhali isə 323,38 milyon nəfərə çataraq ümumi əhalinin 23 faizinə yüksəlib. Təqaüd yaşında olan 65 və yuxarı şəxslərin sayı 223,65 milyon nəfərdir ki, bu da əhalinin 15,9 faizi deməkdir.
2025-ci ildə şəhər əhalisinin 10,3 milyon nəfər artaraq 953,8 milyona çatacağı, kənd əhalisinin isə 13,69 milyon nəfər azalaraq 451,09 milyona enəcəyi gözlənilir. Beləliklə, şəhər əhalisinin payı 67,89 faizə yüksəlir, kənd əhalisinin payı isə 32,11 faizə düşür.
Analitiklərin fikrincə, Çin artıq əhalinin sürətlə yaşlandığı və əmək qabiliyyətli əhalinin payının tədricən azaldığı uzunmüddətli demoqrafik mərhələyə daxil olub. 2016-cı ildən bəri əhali artımının zəiflədiyi ölkədə, qarşıdakı illərdə azalma tempinin daha da sürətlənəcəyi gözlənilir.
Xatırladaq ki, Çin hökuməti 1980-ci illərdən tətbiq edilən “bir uşaq” siyasətindən 2016-cı ildə imtina edərək iki uşaq modelinə keçmiş, 2021-ci ildə isə ailələrə üç uşaq sahibi olmağa icazə verən qanun qəbul etmişdi. Lakin bütün təşviq tədbirlərinə baxmayaraq, iqtisadi artımın yavaşlaması, mənzil və uşaq böyütmə xərclərinin yüksəlməsi gənc ailələrin uşaq sahibi olmaqdan çəkinməsinə səbəb olur.
Qeyd edilib ki, əhalinin azalması və yaşlanması uzunmüddətli perspektivdə Çinin işçi qüvvəsi potensialını zəiflədəcək və bu proses ölkə iqtisadiyyatında ciddi struktur təsirlərə yol aça bilər.
