UNICEF: Əfqanıstanda 3,7 milyon uşaq qidalanma çatışmazlığından əziyyət çəkir | Banco.az

UNICEF: Əfqanıstanda 3,7 milyon uşaq qidalanma çatışmazlığından əziyyət çəkir

Müəllif:Mehin Qasımova,Banco.az

Əfqanıstanda milyonlarla uşaq ciddi qidalanma çatışmazlığı ilə üzləşib.

Banco.az xəbər verir ki, UNICEF nümayəndəsi bu barədə BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı məlumat verib.

UNICEF-in Əfqanıstandakı nümayəndəsi Tajudeen Oyewale bildirib ki, ölkədə 3,7 milyon uşaq qidalanma çatışmazlığından əziyyət çəkir.

Oyewalenin sözlərinə görə, bu uşaqlardan təxminən 1 milyonu həyati təhlükə yaradan ağır kəskin qidalanma çatışmazlığından əziyyət çəkir. Onların 80 faizindən çoxunun yaşı iki ildən azdır.

O bildirib ki, ilin əvvəlindən etibarən Əfqanıstanda 500 mindən çox uşaq ağır qidalanma çatışmazlığı riski səbəbindən xəstəxanaya yerləşdirilib.

Oyewale ölkənin cənubundakı bəzi xəstəxanalarda vəziyyətin xüsusilə ağır olduğunu qeyd edib. Onun sözlərinə görə, ayrı-ayrı tibb müəssisələrində bir çarpayıda üç-dörd ağır qidalanma çatışmazlığı olan uşaq yerləşdirilir.

UNICEF nümayəndəsi Əfqanıstanda humanitar vəziyyəti daha da ağırlaşdıran amillər arasında uzun illərdir davam edən quraqlığı və ölkənin müxtəlif bölgələrində baş verən dağıdıcı daşqınları da göstərib.

Təşkilatın məlumatları Əfqanıstanda uşaqlar arasında qidalanma probleminin ciddi humanitar böhrana çevrildiyini və xüsusilə azyaşlı uşaqların yüksək risk altında olduğunu göstərir.