Çin öz valyutası yuanın qlobal təsirini artırmaq üçün rəqəmsal yuanı üçün beynəlxalq əməliyyat mərkəzi quracağını bildirib.
Banco.az xəbər verir ki, Çin Xalq Bankının (PBoC) sədri Pan Qonşinq Şanxayda keçirilən Luciazui Maliyyə Forumunda rəqəmsal valyutanın beynəlmiləlləşməsinə hazırlıq üçün atılan addımı açıqlayıb.
Pan forumun açılışındakı çıxışında rəqəmsal yuanın beynəlxalq istifadəsi üçün əməliyyat mərkəzi quracaqlarını açıqlayıb.
Ənənəvi sərhədlərarası ödəniş sistemləri ilə bağlı problemlərin getdikcə daha aydın göründüyünü ifadə edən Pan, “Tək valyutaya bağlılığın azaldılmasına ehtiyac var” dedi.
Pan beynəlxalq ödəniş sistemlərinin təkmilləşdirilməsinə tələbatın artdığını, yeni ödəniş infrastrukturlarının və köçürmə üsullarının yarandığını qeyd edərək, daha səmərəli, təhlükəsiz, əhatəli və müxtəlif qlobal maliyyə sisteminə doğru tendensiyanın gələcəkdə daha da güclənəcəyini vurğulayıb.
Çinin qlobal maliyyə qurumlarının islahatları ilə bağlı fikirlərini açıqlayan Pan, qlobal iqtisadiyyatda baş verən dəyişikliklərə baxmayaraq, BVF və Dünya Bankı kimi böyük beynəlxalq maliyyə qurumlarının səsvermə hüququ və pay strukturunda heç bir dəyişiklik olmadığını, bu sahədə tənzimləmə ehtiyacının uzun müddətdir hiss olunduğunu bildirib.
Pekin hökuməti 2014-cü ildə “e-CNY” adlı rəsmi rəqəmsal valyuta üzərində işə başlayıb. Rəqəmsal yuan 2020-ci ildə dörd şəhərdə istifadəyə verilmiş pilot tətbiq ilə istifadəyə verilib.