Çin iqtisadiyyatı 2025-ci ildə 5 faiz artıb | Banco.az

Çin iqtisadiyyatı 2025-ci ildə 5 faiz artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çin iqtisadiyyatı 2025-ci ildə illik 5 faiz artım göstərərək hökumətin müəyyən etdiyi “təxminən 5 faiz”lik böyümə hədəfinə nail olub.

Banco.az xəbər verir ki, bununla da dünyanın ikinci ən böyük iqtisadiyyatının Ümumi Daxili Məhsulu (ÜDM) ilk dəfə olaraq 140 trilyon yuanı (təxminən 20 trilyon ABŞ dolları) ötüb.

Milli Statistika Bürosunun (MSB) məlumatına görə, 2025-ci ilin yanvar–dekabr aylarında ölkə iqtisadiyyatı əvvəlki illə müqayisədə 5 faiz böyüyüb. İl ərzində artım tempində müəyyən zəifləmə müşahidə edilsə də, ümumi göstərici rəsmi hədəflə üst-üstə düşüb.

Məlumata əsasən, 2025-ci ilin son rübündə sənaye məhsulu istehsalının illik artımı 4,5 faiz təşkil edib. Bu göstərici üçüncü rübdə qeydə alınan 4,8 faizlik artımla müqayisədə zəifləmə deməkdir. Rüblük iqtisadi artım tempi isə 2023-cü ilin birinci rübündən bəri ən aşağı səviyyəyə enib.

Son illərin statistikası göstərir ki, Çin iqtisadiyyatı 2020-ci ildə 2,2 faiz, 2021-ci ildə 8,4 faiz, 2022-ci ildə 3 faiz, 2023-cü ildə 5,2 faiz, 2024-cü ildə isə 5 faiz artım nümayiş etdirib. 2025-ci ildə əldə olunan nəticə ardıcıl sabitləşmə tendensiyasının davam etdiyini göstərir.